Azərbaycanda qeyri-işlək kreditlərin həcmi 954 milyon manata çatıb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 18:10 (UTC +04:00)
Azərbaycanda qeyri-işlək kreditlərin həcmi 954 milyon manata çatıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci yarısında Azərbaycanda qeyri-işlək kreditlərin (QİK) həcmi 25 faiz və ya 191 milyon manat artaraq 954 milyon manata çatıb. Nəticədə, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı 0,5 faiz bəndi artaraq 3 faiz təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabata əsasən, qeyri-işlək kreditlərin artımı biznes, istehlak və ipoteka kreditləri üzrə müvafiq olaraq 128 milyon manat, 58 milyon manat və 5 milyon manat təşkil edib.

AMB qeyd edib ki, aparılan təhlillər qeyri-işlək kredit portfelində artımın fərdi müştərilərlə bağlı olduğunu və sistem riski xarakteri daşımadığını göstərir.

Bildirilib ki, mümkün kredit risklərinin qarşılanması üçün bank sektorunda kifayət qədər ehtiyat yaradılıb. Belə ki, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə formalaşdırılmış ehtiyatların həcmi 1,93 milyard manat təşkil edir. Bu məbləğ qeyri-işlək kredit portfelinin həcmindən təxminən iki dəfə çoxdur.

Xüsusilə istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatların həcmi 1,37 milyard manata çatıb. Bu, həmin kreditlər üzrə qeyri-işlək kreditlərin məbləğindən təxminən 3,8 dəfə çoxdur. Hesabatda qeyd olunub ki, bu göstəricilər bank sektorunun potensial kredit risklərini qarşılamaq imkanına malik olduğunu göstərir.

2026-cı ilin birinci yarısında bank sektorunda 62 milyon manat məbləğində kredit silinməsi həyata keçirilib. Silinmələrin 92 faizi və ya 57 milyon manatı istehlak kreditlərinin, 8 faizi və ya 5,1 milyon manatı isə biznes kreditlərinin payına düşüb.

Biznes kreditləri üzrə vəziyyət

Hesabat dövründə biznes kreditləri portfelinin 3,2 faizi qeyri-işlək statusunda olub. İlin əvvəli ilə müqayisədə biznes kreditləri üzrə qeyri-işlək portfelin həcmi 30 faiz artaraq 557 milyon manata çatıb. Bu seqmentdə QİK əmsalı 0,5 faiz bəndi yüksələrək 3,2 faiz təşkil edib.

Qeyri-işlək biznes kreditlərinin artımı əsasən ticarət və xidmət sektorlarında müşahidə olunub. AMB-nin təhlillərinə görə, bu seqmentdə də artım fərdi müştərilərlə bağlıdır və sistem xarakteri daşımır.

İpoteka kreditləri üzrə QİK əmsalı 0,7 faiz olub

2026-cı ilin birinci yarısında ipoteka kreditləri üzrə qeyri-işlək portfelin həcmi 17,4 faiz və ya 5,1 milyon manat artaraq 34,2 milyon manata çatıb. İpoteka portfelində qeyri-işlək kreditlərin payı isə 0,1 faiz bəndi artaraq 0,7 faiz təşkil edib.

Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə QİK əmsalı 0,2 faiz, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə isə 1,5 faiz olub.

İstehlak kreditləri üzrə qeyri-işlək portfel 363 milyon manata yüksəlib

Hesabatda istehlak kreditləri üzrə risklərin davamlı monitorinq olunduğu bildirilib. 2026-cı ilin birinci yarısında bu kreditlər üzrə qeyri-işlək portfelin həcmi 19,1 faiz və ya 58 milyon manat artaraq 363 milyon manata çatıb. QİK əmsalı isə 0,4 faiz bəndi yüksələrək 3,7 faiz olub.

AMB-nin qiymətləndirməsinə əsasən, istehlak kreditləri portfelinin artımı əsasən borcun gəlirə nisbəti (BGN) 45 faizdən aşağı olan kreditlər hesabına təmin edilib. Eyni zamanda, BGN göstəricisi 45 faizdən yuxarı olan kreditlərin portfeldə payı azalıb.

Belə ki, 2026-cı ilin birinci yarısına olan məlumata görə, istehlak kreditləri portfelinin 37 faizi BGN göstəricisi 45 faizdən yuxarı olan kreditlərdən ibarət olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 1 faiz bəndi azdır.

Hesabat dövründə BGN göstəricisi 45 faizdən aşağı olan istehlak kreditlərinin həcmi 6,2 milyard manat, 45 faizdən yuxarı olan kreditlərin həcmi isə 3,7 milyard manat təşkil edib.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, istehlak kreditləri portfelinin artımında BGN göstəricisi 45 faizdən aşağı olan kreditlərin üstünlük təşkil etməsi daha sağlam və məsuliyyətli kreditləşmə dinamikasını əks etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti