Bakı. Trend:
Xəzər dənizində ovlanması qadağan olunan balıq növlərinin qanunsuz ovlanması faktları aşkarlanıb, əməli törədən şəxslərə ümumilikdə 5 min manat cərimə tətbiq olunub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” məlumat yayıb.
Bildirilib ki, 2026-cı il sentyabrın 6-da və oktyabrın 6-da hər tarixdə bir ədəd bölgə (Huso huso), oktyabrın 9-da bir ədəd uzunburun (Acipenser stellatus) və bir ədəd Xəzər qızılbalığı (Salmo caspius), oktyabrın 12-də isə bir ədəd rus nərəsinin (Acipenser gueldenstaedtii) qanunsuz ovlanması faktları aşkar edilərək rəsmiləşdirilib.
Qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə ümumilikdə 5 min manat cərimə tətbiq olunub. Təbiətə 1 897 manat ziyan dəydiyi müəyyənləşdirilib. Cərimə və ziyanın ümumi məbləği 6897 manat təşkil edib.
Mərkəzdən qeyd olunub ki, qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə nəzarət tədbirləri mütəmadi davam etdiriləcək. Tədbirlər Mərkəzin Su bioresurslarının mühafizə şöbəsinin, regional bölmələrinin əməkdaşları və müvafiq dövlət qurumları tərəfindən həyata keçiriləcək.
Həmçinin xatırladılıb ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələri ilə məsuliyyət yaradır. Belə hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
