Türk dövlətləri arasında fintex və ödəniş sahəsində əməkdaşlıq genişləndirilməlidir - TÖDEB rəsmisi

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 11:08 (UTC +04:00)
Türk dövlətləri arasında fintex və ödəniş sahəsində əməkdaşlıq genişləndirilməlidir - TÖDEB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Fintex İttifaqı (TURKFIN) platforması Türk dünyası ölkələrinin fintex ekosistemlərini bir araya gətirmək, şirkətlər arasında birbaşa əlaqələr qurmaq və birgə layihələrin həyata keçirilməsini təşviq etmək məqsədilə yaradılıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyasının (TÖDEB) İdarə Heyətinin üzvü Tarık Tombul çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.

O bildirib ki, 2024-cü il sentyabrın 9-da yaradılan Türk Dövlətləri Fintex Alyansı (TÜRKFİN) platformasının əsas məqsədlərindən biri Türk dünyasının fintex sektorunda fəaliyyət göstərən qurumları, şirkətləri və dövlət strukturlarını vahid platformada birləşdirməkdir.

T.Tombulun sözlərinə görə, platformanın fəaliyyətinin ilkin mərhələsində üzv ölkələrin fintex ekosistemlərinin tanınmasına, onların xüsusiyyətlərinin öyrənilməsinə və qarşılıqlı əlaqələrin qurulmasına diqqət yetirilib. Hazırda isə bu əlaqələrin daha konkret nəticələrə, şirkətlər arasında birbaşa əməkdaşlığa və birgə layihələrə çevrilməsi hədəflənir.

“Bu proqram çərçivəsində dövlət qurumlarını, sektorun çətir təşkilatlarını və şirkətləri bir araya gətiririk. Platformanın yaradılmasından bəri müxtəlif ölkələrin fintex ekosistemlərini tanımağa və anlamağa çalışmışıq. İndi isə bu münasibətləri şirkətlər və konkret layihələr səviyyəsinə daşımaq istəyirik”, - deyə o qeyd edib.

TÖDEB rəsmisi vurğulayıb ki, Türk dünyası ölkələri arasında tarixən formalaşmış güclü ticarət əlaqələri mövcuddur. Bu əlaqələrin genişlənməsi isə daha sürətli, təhlükəsiz və əlçatan ödəniş həllərinə olan tələbatı artırır.

Onun sözlərinə görə, ödəniş infrastrukturlarının inkişafı şirkətlərin yeni bazarlara çıxışını asanlaşdırır, ölkələrarası ticarət əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Bu baxımdan fintex şirkətləri və ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

“Türk dünyası ölkələri arasında tarixə söykənən güclü ticarət əlaqələri var. Ticarət artdıqca daha sürətli, təhlükəsiz və asan ödəniş həllərinə ehtiyac yaranır. Ödəniş infrastrukturları gücləndikcə şirkətlərin yeni bazarlara çıxması və sərhədlərarası ticarət aparması da asanlaşır”, - deyə T.Tombul bildirib.

O qeyd edib ki, gələcəkdə Türk dövlətləri arasında maliyyə texnologiyaları və ödəniş sistemləri sahəsində daha sıx inteqrasiyanın təmin edilməsi məqsədəuyğundur. Bu istiqamətdə ortaq tənzimləmə yanaşmalarının hazırlanması, ümumi ödəniş sistemləri imkanlarının müzakirəsi və sərhədlərarası ödənişlərin sadələşdirilməsi əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.

T.Tombulun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün ölkələr arasında açıq və birbaşa ünsiyyətin qurulması, eləcə də fintex şirkətləri arasında qarşılıqlı etimadın və işgüzar əlaqələrin möhkəmləndirilməsi vacibdir.

“Arzumuz Türk dünyasında ortaq tənzimləmə yanaşmalarının inkişaf etdiyi, ortaq ödəniş sistemlərinin müzakirə olunduğu və ödənişlərin ölkələr arasında daha asan həyata keçirildiyi bir mühitin formalaşmasıdır. Ölkələrimiz arasında açıq və birbaşa ünsiyyətə böyük əhəmiyyət veririk. Fintex və ödəniş sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti