Bakı. Trend:
Milli Məclis Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan bir sıra sənədləri ratifikasiya edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində, Azərbaycan və Qırğız Respublikalarının dövlət başçıları tərəfindən imzalanıb.
Müqavilənin məqsədi tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir.
Müqavilə 21 maddədən ibarətdir.
Razılaşmaya əsasən, tərəflər bir-birinə qarşı yönəlmiş heç bir bloklarda iştirak etməmək, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinmək öhdəliklərini təsdiq edirlər.
Tərəflər xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət göstərir və ümumi maraq kəsb edən beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparırlar.
Müqaviləyə əsasən, tərəflər təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması məqsədilə beynəlxalq-hüquqi öhdəliklərini və öz milli qanunvericiliklərini nəzərə almaqla, hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirmək, hərbi sahədə kadr və mütəxəssis hazırlığı və potensialının artırılması istiqamətində qarşılıqlı fəaliyyəti dərinləşdirməyə razılıq verirlər.
Tərəflər, həmçinin, iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə, dostluq qrupları xətti ilə və üzv olduqları beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə yardım göstərməyi razılaşdırırlar.
Müqavilədə tərəflər digər istiqamətlər — energetika, bərpa olunan enerji mənbələri, nəqliyyat, logistika, yüksək texnologiyalar, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm, ticarət-iqtisadi, investisiya, elm, təhsil, mədəniyyət, idman, incəsənət və s. üzrə əməkdaşlığın inkişafına yardım ilə bağlı razılığa gəlirlər.
Tərəflər beynəlxalq terrorizm, ekstremizm, separatizm və s. kimi təhlükəsizliyə qarşı təhdidlərə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səyləri birləşdirirlər.
Bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Müqavilənin icrası zamanı yarana biləcək fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək.
Müqavilə onun ratifikasiyası ilə bağlı tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanıb.
Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir.
Sənəd 24 maddədən ibarətdir.
Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları həyata keçirilir.
Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu, hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla qeyri-müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi üçün isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb olunur.
Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün xüsusi icazə tələb olunur. Bəzi yük daşımaları üçün isə icazə tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri, teatr dekorasiyaları və s.).
Razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək.
Bu Sazişin müddəaları tərəflərdən birinin dövlətinin milli təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.
Sazişin müddəalarının icrası və beynəlxalq avtomobil daşımaları sahəsində yaranan məsələlərin həlli üçün tərəflər Qarışıq Komissiya yaratmağa razılaşırlar.
Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mümkün fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək.
Sazişə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan və ayrıca protokollarla rəsmiləşdirilən düzəliş və əlavələr edilə bilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanıb.
Saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.
Yeni dəyişikliyə əsasən, qeyd olunan Sazişin 4-cü maddəsində və Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnaməsinin 6-cı maddəsinin 2-ci bəndində 2024-cü il aprelin 24-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" ilə "100 000 000 (yüz milyon) ABŞ dolları" həcmində müəyyən edilmiş nizamnamə kapitalının məbləği "200 000 000 (iki yüz milyon) ABŞ dolları" ilə əvəz edilir.
Bu Əlavə Saziş Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişin qüvvədən düşdüyü gündən öz qüvvəsini itirir.
Hər üç qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
