Azərbaycan və Çin aqrar sahədə elmi-texnoloji əməkdaşlığı genişləndirir (FOTO)

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 09:40 (UTC +04:00)
Azərbaycan və Çin aqrar sahədə elmi-texnoloji əməkdaşlığı genişləndirir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çin arasında kənd təsərrüfatı sahəsində elmi-texnoloji əməkdaşlığın inkişafı, müasir aqrotexnologiyaların tətbiqi və Azərbaycan məhsullarının Çin bazarına ixrac imkanlarının genişləndirilməsi müzakirə olunub.

Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

"Çinə rəsmi səfərim çərçivəsində kənd təsərrüfatı sahəsində yüksək texnologiyalar və innovativ həllər üzrə ixtisaslaşmış Beijing Dabeinong Technology Group Co., Ltd. (DBN) şirkətinin nümayəndələri ilə görüşdük. Görüş zamanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi ilə DBN arasında elmi-texnoloji əməkdaşlığın qurulması və inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələrdə heyvan sağlamlığı, vaksinlərin hazırlanması və tətbiqi, səhra əkinçiliyi, müasir aqrotexnologiyaların tətbiqi, eləcə də kənd təsərrüfatının digər strateji istiqamətləri üzrə birgə elmi tədqiqatların həyata keçirilməsi imkanların nəzərdən keçirdik", - paylaşımda bildirilib.

Qeyd edək ki, nazir Məcnun Məmmədovun Çinə səfəri çərçivəsində ötən gün iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Nazir bununla bağlı paylaşımında bildirib ki, Azərbaycanın strateji tərəfdaşı olan Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri naziri Can Cu ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

"Memorandum iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı investisiya imkanlarının təşviqi, eləcə də biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi istiqamətləri əhatə edir. Sənəddə, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlıq platformasının yaradılması, tədqiqatların nəticələrinin mübadiləsi və kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə təcrübə mübadiləsi məsələləri öz əksini tapıb.

Görüş zamanı Azərbaycan məhsullarının Çin bazarına ixrac imkanlarının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirdik. Pambıq, zeytun yağı, şərab, fındıq, badam, quş əti və akvakultura məhsullarının Çinə ixrac perspektivlərinin araşdırılmasına və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinə marağımızı diqqətə çatdırdıq.
Bununla yanaşı, Çinin kənd yerlərinin inkişafı və yenidən canlandırılması proqramları, eləcə də torpaq idarəçiliyi sahəsində əldə etdiyi təcrübə və nailiyyətlərin öyrənilməsinin əhəmiyyətini vurğuladıq.

İnanırıq ki, imzalanmış Anlaşma Memorandumu Azərbaycan-Çin kənd təsərrüfatı əməkdaşlığının daha da dərinləşməsinə, qarşılıqlı ticarət və investisiya imkanlarının genişlənməsinə, həmçinin aqrar sahədə innovasiya və texnologiyalar üzrə təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verəcək", - nazirin paylaşımında qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti