Bakı. Trend:
2026-cı ilin yanvar ayından indiyədək hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları ilə bağlı 8 nəfər barəsində 5 cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslərdən 7-si vəzifəli şəxs, 1-i isə vətəndaşdır. Onlardan 6-sı barəsində həbs və vəzifədən kənarlaşdırma, 2-si barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Bildirilib ki, qeyd olunan dövrdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təqdim etdiyi rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs və qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 şəxs barəsində araşdırmalar aparılıb.
Baş İdarənin əməliyyat qurumları tərəfindən bu sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Aşkarlanan faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.
Ümumilikdə, SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Bunlardan 5-i məhkəməyə göndərilib, 3-ü üzrə isə istintaq davam etdirilir. İstintaqı davam edən işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.
İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticələrinə əsasən, 1 nəfər hərbi xidmətə yararlı hesab olunub, 2 nəfərə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfər üzrə ekspertiza davam edir.
Araşdırmalar zamanı tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların hərbi xidmətə göndərildiyi, sonradan isə vaxtından əvvəl tərxis olunduğu müəyyən edilib. SHXÇDX-nin yerli qurumlarında aparılan daxili yoxlamalar zamanı da qanun pozuntuları aşkarlanıb.
Nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. Bunlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb. Təqdimatlardan 14-ü SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasını əhatə edib.
Görülən tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin olunması, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərin davam etdiriləcəyini bildirib.
