ABŞ-nin Yunanıstandakı səfiri yerli oliqarxların onun uçuş xərclərini ödəməsi ilə öyünüb

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 03:31 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Gilfoyl yerli oliqarxların onun şəxsi təyyarələrlə uçuş xərclərini ödəməsi ilə öyünüb. Bu barədə The Wall Street Journal (WSJ) qəzeti ABŞ diplomatının söhbətlərinin audioyazılarına və mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Gilfoyl yanvar ayında Yunanıstanın tikinti şirkəti Aktor Group-un baş icraçı direktoru Aleksandros Eksarxu ilə birlikdə şəxsi təyyarə ilə Davosda keçirilən Dünya İqtisadi Forumuna uçub. Qəzetin tanış olduğu audioyazıda ABŞ səfiri yunanıstanlı iş adamını “öz adamı” adlandırıb. WSJ-nin məlumatına görə, diplomat bəzi ölkələrin hökumətlərini Eksarxu ilə əməkdaşlıq etməyə çağırıb.

Qəzetin qeyd etdiyi kimi, Gilfoylun səfərlərini təşkil etməsinə kömək edən yeganə iş adamı Eksarxu olmayıb. Audioyazıda səfir yunanıstanlı gəmiçilik maqnatı Nikolas Tsakosla birlikdə Parisə uçmağı planlaşdırdığını bildirib. Səfərin məqsədi iş adamının həyat yoldaşının moda nümayişində iştirak etmək olub. Nəşrin yazdığına görə, sahibkar Gilfoylun Four Seasons Hotel George V hotelindəki qalma xərclərini də ödəyib.

Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyasında Gilfoylun mümkün vəzifədən azad edilməsi məsələsi müzakirə olunur. Gözlənilir ki, ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcək.

Bundan əvvəl iri siyasi donor Erik Deters Gilfoylu onu Tramp administrasiyasının rəsmiləri ilə görüşmək imkanı müqabilində kredit kartı üzrə 100 min dollar məbləğində borcunu ödəməyə razı salmağa çalışmaqda ittiham edib. NBC News telekanalı sonradan ABŞ Dövlət Departamentinin baş müfəttişinin aparatının Yunanıstandakı ABŞ səfiri ilə bağlı araşdırma apardığını bildirib.

Gilfoyl karyera diplomatı deyil, siyasi təyinatlı şəxsdir. O, əvvəllər Fox News telekanalında çalışıb. Gilfoyl hazırda Kaliforniya ştatının qubernatoru olan Qevin Nyusomun San-Fransisko meri olduğu dövrdə onun həyat yoldaşı olub. O, həmçinin ABŞ prezidentinin oğlu kiçik Donald Trampla nişanlanıb, lakin onların toyu baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti