Ağdərə. Trend:
13 ölkəni təmsil edən beynəlxalq səyyahlar Ağdərə rayonuna səfərləri çərçivəsində Gəncəsər monastırını ziyarət ediblər.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi nümayəndə heyəti Vəngli kəndində yerləşən tarixi komplekslə tanış olub.
Ziyarət zamanı qonaqlara Gəncəsər monastırının yaranma tarixi, memarlıq üslubu və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, işğal dövründə abidədə aparıldığı bildirilən dəyişikliklər, tarixi yazı və ornamentlərə müdaxilələr, eləcə də bu məsələlərin hüquqi aspektləri diqqətə çatdırılıb.
Xaçınçayın sahilində, hündür yaylada yerləşən Gəncəsər monastırı Alban memarlığının mühüm nümunələrindən biridir. Kompleks 1216–1238-ci illərdə alban knyazı Həsən Cəlalın təşəbbüsü ilə inşa olunub. Uzun illər alban katolikosatının mərkəzi kimi fəaliyyət göstərən monastır 1836-cı ilədək sonuncu alban katolikoslarının iqamətgahı olub.
Bildirilib ki, müxtəlif dövrlərdə aparılan müdaxilə, bərpa və yenidənqurma işləri abidənin memarlıq quruluşuna və ilkin görkəminə təsir edib. Tarixi daş kitabələrin, ornamentlərin və simvolların bir hissəsində dəyişikliklərin olduğu qeyd edilib.
Səfər zamanı, həmçinin 2024-cü ildə kompleksdə keçirilmiş yerində baxışın nəticələri barədə məlumat verilib. Abidənin tarixi mənsubiyyətinin araşdırılmasında yazılı mənbələrin, epiqrafik materialların, arxeoloji dəlillərin və memarlıq xüsusiyyətlərinin müqayisəli təhlilinin vacibliyi vurğulanıb.
