Bakı. Trend:
Böyük Britaniya polisi Kembricşir qraflığında yerləşən Kral Hərbi Hava Qüvvələrinin Molsworth bazasına qanunsuz daxil olmaqda şübhəli bilinən iki Latviya vətəndaşını həbs edib.
Bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Həmin bazada ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı əməliyyatlara cavabdeh olan kəşfiyyat mərkəzi, eləcə də NATO-nun Böyük Britaniyadakı kəşfiyyat qərargahı yerləşir.
Telekanalın məlumatına görə, hərbi polis patrulu bazanın yaxınlığında tərk edilmiş avtomobil aşkarlayıb, daha sonra isə onun hasarında dəlik olduğunu müəyyən edib. Cümə axşamı gecə saatlarında bazanın ərazisində 36 və 32 yaşlı kişilər aşkar edilərək mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda şübhəli bilinərək həbs olunublar. London polisinin məlumatına görə, saxlanılan şəxslərin hər ikisi Böyük Britaniyada yaşayan Latviya vətəndaşlarıdır.