Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir - Cəmilə Bayramova

Cəmiyyət Xəbər 8 Oktyabr 2026 13:23 (UTC +04:00)
Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir - Cəmilə Bayramova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Uzun illər müxtəlif xarici təsirlərə məruz qalmış insan qalıqlarının genetik identifikasiyası mürəkkəb proses olsa da, müasir metodlar və mütəxəssislərin yüksək hazırlığı bu çətinliklərin aradan qaldırılmasına imkan verir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Genetik Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Cəmilə Bayramova cümə axşamı İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, mütəxəssislər əsasən uzun müddət müxtəlif təsirlərə məruz qalmış sümük nümunələri ilə işləyirlər. Zaman, torpağın xüsusiyyətləri, temperatur dəyişiklikləri və digər amillər DNT-nin deqradasiyasına səbəb olaraq tədqiqatı çətinləşdirir və xüsusi yanaşma tələb edir.

C.Bayramovanın sözlərinə görə, belə hallarda genetik analizlər, o cümlədən müasir DNT texnologiyalarından istifadə mühüm rol oynayır. Referens nümunələrin əldə edilməsində yaranan çətinliklərə baxmayaraq, mütəxəssislər mövcud imkanlardan istifadə edərək identifikasiya prosesini davam etdirirlər.

Baş mütəxəssis vurğulayıb ki, əməkdaşların peşəkar hazırlığı, müasir elmi metodların tətbiqi və hər bir nümunəyə fərdi yanaşma mürəkkəb halların həllinə imkan verir.

Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti