Bakı. Trend:
“Aqrar sahə haqqında” qanun layihəsi qəbul edilərsə, fitosanitar xidmətlərin aqrar xidmətlər termini ilə əvəzlənməsi nəzərdə tutulduğundan zərərli orqanizmlərə və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin icrası mexanizmində hər hansı boşluğun yaranmaması təmin edilməlidir.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, aqrar sahədə yeni qanunun qəbul edilməsi nəticəsində “Fitosanitar nəzarəti haqqında” Qanuna da müvafiq dəyişiklik ediləcək və həmin qanunda fitosanitar xidmətlərlə bağlı müəyyən bir fəsil tamamilə ləğv olunacaq.
Əli Nəbiyev qeyd edib ki, hazırda bitki sağlamlığı sahəsində zərərvericilərə və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirləri həm Qida Təhlükəsizliyi Agentliyi, həm də Kənd Təsərrüfatı Nazirliyi, xüsusilə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Onun sözlərinə görə, bu tədbirlərin hüquqi əsası “Fitosanitar nəzarəti haqqında” Qanundan irəli gəlir.
“Əsas məsələlərdən biri bitki mühafizə tədbirlərinin icrası ilə bağlıdır. Bitki mühafizə tədbirlərinin icrası ilə bağlı mexanizmdə hər hansı bir boşluq olmamalıdır”, - deyə AQTA sədr müavini bildirib.
Əli Nəbiyev vurğulayıb ki, son dövrlərdə, xüsusilə son illərdə aparılan dəyişikliklər və bu sahədə fitosanitar vəziyyətin təhlili zamanı zərərvericilərə qarşı mübarizə tədbirlərinin xüsusilə aktuallaşdığı müəyyən edilib.
“Zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin “Fitosanitar nəzarəti haqqında” Qanundan istisna edilməməsi məsələsinə baxılmalıdır”, - deyə o qeyd edib.
AQTA sədr müavini bildirib ki, fitosanitar xidmətlər hazırda “aqrar xidmətlər” termini ilə əvəzlənib. Onun sözlərinə görə, bu halda da zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aqrar xidmətlər çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmalıdır.
