Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə avadanlıq almaq niyyətindədir

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 23:46 (UTC +04:00)
Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə avadanlıq almaq niyyətindədir

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi Ukraynada istifadə olunan “Patriot” zenit-raket komplekslərinə texniki xidmət göstərilməsi və onlar üçün zəruri avadanlıqların alınması məqsədilə “Raytheon” müdafiə şirkəti ilə müqavilə imzalamağı planlaşdırır.

Bu barədə ABŞ-nin dövlət satınalmaları portalında yayımlanan sənəddə bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ Müharibə Nazirliyinin Logistika Agentliyi Ukraynanın “Patriot” komplekslərinin döyüş hazırlığının təmin edilməsi üçün ixtisaslaşmış təchizatçı axtarır. Bunun çərçivəsində baza texniki xidməti üçün sınaq stendlərinin təmin edilməsi, ərazinin qiymətləndirilməsi, avadanlıqların quraşdırılması və yerli heyətin təlimi nəzərdə tutulur.

Sənədə əsasən, layihənin icrası bir neçə il davam edəcək. Ərazinin müayinəsinin müqavilə imzalandıqdan iki ildən artıq müddət sonra, avadanlıqların ilk tədarükünün isə bundan təxminən altı ay sonra həyata keçirilməsi planlaşdırılır.

Əsas stansiyaların quraşdırılmasının işlərin yalnız beşinci ilində tamamlanacağı gözlənilir. Beləliklə, müqavilə bu il imzalanarsa, baza ən tez 2030-cu ilin sonuna qədər fəaliyyətə başlaya bilər.

Sifarişin müsabiqə keçirilmədən yeganə təchizatçı kimi “Raytheon” şirkətinə verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti