Bakı. Trend:
Azərbaycan Almaniya şirkətləri üçün yalnız 10 milyonluq bazar deyil, Xəzəryanı region, Mərkəzi Asiya və Cənubi Qafqazı əhatə edən investisiya və texnologiya əməkdaşlığı platforması kimi nəzərdən keçirilməlidir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, Azərbaycan və Almaniya arasında biznes əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər yüksək səviyyəli siyasi dialoqla dəstəklənir.
"Bugünkü konfrans ikitərəfli münasibətlərimizdə mühüm mərhələdən sonra keçirilir. Prezident İlham Əliyevin iyul ayında Berlinə rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər və məzmunlu müzakirələr aparılıb. Səfər zamanı ikitərəfli tərəfdaşlıq üzrə strateji gündəliyə dair Birgə Bəyannamə imzalanıb və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olunub", - deyə S.Bəşirli bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan Almaniya tərəfi ilə siyasi dinamikanı konkret layihələrə çevirmək və onların həyata keçirilməsi üçün zəruri maliyyələşməni təmin etmək istiqamətində çalışır.
"Biz bu ilin noyabr ayının əvvəlində Almaniyaya səfər etməyi, hazırda müzakirə olunan konkret təşəbbüsləri irəli aparmağı və Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclasını keçirməyi planlaşdırırıq", - deyə o qeyd edib.
S.Bəşirli vurğulayıb ki, Almaniya Azərbaycanın prioritet sahələrinin inkişafında əsas sənaye tərəfdaşlarından biri kimi nəzərdən keçirilir.
"Alman şirkətləri üçün təklifimiz sadədir: Azərbaycanda yerləşin, lakin daha geniş region üçün istehsal edin", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bu yanaşma Almaniya istehsalçılarına Mərkəzi Asiyadan xammalı Azərbaycanda emal etmək və Türkiyə, eləcə də Avropa bazarlarına məhsul tədarük etmək imkanları yaradır. Marşrut boyunca logistika obyektləri, terminallar və rəqəmsal xidmətlər də özəl investisiyalar üçün imkanlar təqdim edir.
Nazir müavini Azərbaycanın Almaniya ilə iqtisadi əməkdaşlığında bağlantılılığın mühüm rol oynadığını bildirib.
"Bağlantılılığa malların, enerjinin, məlumatların və kapitalın hərəkəti kimi yanaşırıq. Bu axınların birləşdirilməsi nəqliyyat marşrutlarını regionda istehsal, xidmətlər və investisiyaları dəstəkləyən iqtisadi dəhlizlərə çevirə bilər", - deyə S.Bəşirli qeyd edib.
O bildirib ki, Azərbaycanın məqsədi bağlantılılığın yalnız tranzit imkanları deyil, əlavə iqtisadi dəyər yaratmasını təmin etməkdir.
S.Bəşirlinin sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında, Orta Dəhliz üzərində yerləşən Ələt Azad İqtisadi Zonası investisiyalar üçün ayrıca hüquqi və tənzimləyici rejimə malik platforma təqdim edir.
"Bizim məqsədimiz yalnız tranziti təmin etmək deyil, bu bağlantılılığın dəyər yaratmasına nail olmaqdır. Ələt Azad İqtisadi Zonası yüksək əlavə dəyər yaradan və ixrac bazarlarına yönəlmiş investisiyalar üçün imkanlar təqdim edir", - deyə o vurğulayıb.
Nazir müavini "yaşıl enerji" sahəsində əməkdaşlığın da genişləndirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Qazaxıstan və Özbəkistanla birgə inkişaf etdirilən Yaşıl Enerji Dəhlizi, həmçinin planlaşdırılan Xəzər-Qara dəniz-Avropa dəhlizi bərpa olunan elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
"Bu layihələr Almaniya şirkətləri üçün elektrik enerjisinin istehsalı və ötürülməsi, infrastruktur və enerji tutumlu sənaye sahələrində imkanlar yaradır", - deyə S.Bəşirli bildirib.
O, Trans-Xəzər Fiber-Optik Kabel layihəsinin də Avropa ilə Asiya arasında rəqəmsal bağlantılılığın gücləndirilməsinə xidmət edəcəyini deyib. Onun sözlərinə görə, Xəzər dənizi üzərindən yüksək tutumlu məlumat ötürülməsi üçün əlavə marşrutun yaradılması regional kommunikasiya şəbəkələrinin dayanıqlığını artıracaq və Azərbaycanın rəqəmsal tranzit mərkəzi kimi rolunu gücləndirəcək.
S.Bəşirli yüksək tutumlu rəqəmsal bağlantıların etibarlı enerji təchizatı və artan bərpa olunan enerji potensialı ilə birlikdə məlumat mərkəzlərinə, yüksək məhsuldarlıqlı hesablama və süni intellekt infrastrukturuna investisiyaları cəlb edə biləcəyini bildirib.
"Biz bu imkanları genişləndirmək üçün "Oracle", "Dell Technologies" və bp daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik", - deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan üçün süni intellekt ayrıca sektor deyil, iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığı artıran horizontal platformadır.
"Bizim üçün süni intellekt ayrıca sektor deyil. O, istehsal, logistika, aqrobiznes, turizm və ixrac xidmətlərində məhsuldarlığı artıran horizontal platformadır", - deyə S.Bəşirli bildirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası çərçivəsində 2030-cu ilədək 300-dək şirkətin Sənaye 4.0 texnologiyalarının tətbiqi vasitəsilə rəqəmsal transformasiyasının dəstəklənməsi nəzərdə tutulur. Bu istiqamətdə güzəştli kreditlər və digər dəstək mexanizmlərindən istifadə ediləcək.
S.Bəşirli qeyd edib ki, bu miqyasda bağlantılılığın inkişafı üçün aydın investisiya modelinə ehtiyac var. Onun sözlərinə görə, dövlət sektoru əlverişli şərait yaradır, əsas infrastruktur ilkin tələbi formalaşdırır və riskləri azaldır, özəl kapital isə uğurlu layihələrin miqyasını genişləndirir.
Nazir müavini həmçinin Azərbaycan və Almaniya arasında Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun iqtisadi əməkdaşlıq üçün aydın çərçivə və strateji istiqamət formalaşdırdığını bildirib. Onun sözlərinə görə, İşçi Qrupun ötən ilin sentyabrında keçirilən son iclası tərəflər arasında dialoqa yeni impuls verib və ümumi prioritetlərin irəliləməsinə töhfə göstərib.
