Bakı. Trend:
Azərbaycan və İtaliya şirkətləri arasında şəhərsalma, dayanıqlı memarlıq, nəqliyyat infrastrukturu, keçmiş sənaye ərazilərinin yenilənməsi və Qarabağla Şərqi Zəngəzurun bərpası istiqamətlərində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
O bildirib ki, müasir şəhərsalma yanaşması yalnız əhalinin artan tələbatını və iqtisadi inkişafı qarşılamaqla məhdudlaşmamalı, eyni zamanda yeni iqtisadi imkanların yaradılmasına, investisiyaların cəlb edilməsinə və məşğulluğun artırılmasına xidmət etməlidir.
“Şəhərsalma yalnız iqtisadi artıma şərait yaratmamalı, həm də həmin artımın formalaşmasına fəal töhfə verməlidir”, - deyə R.Qasımov qeyd edib.
Onun sözlərinə görə, yeni nəqliyyat əlaqələrinin yaradılması bütöv ərazilərin inkişaf potensialını üzə çıxara, düzgün planlaşdırılmış biznes mərkəzləri yeni şirkət və sənaye sahələrini cəlb edə bilər. Keçmiş sənaye ərazilərinin yenidən qurulması isə investisiyalar və yeni iqtisadi fəaliyyət üçün imkanlar yaradır.
R.Qasımov bu baxımdan Bakı Ağ Şəhər layihəsini uğurlu nümunələrdən biri kimi göstərib. O bildirib ki, vaxtilə “Qara şəhər” kimi tanınan keçmiş sənaye ərazisi hazırda yaşayış, kommersiya və ictimai məkanları özündə birləşdirən müasir şəhər məhəlləsinə çevrilir.
Onun sözlərinə görə, bu layihə düzgün şəhərsalma planlaşdırmasının bütöv bir ərazinin iqtisadi potensialını üzə çıxara biləcəyini nümayiş etdirir. Eyni yanaşma Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında da geniş şəkildə nəzərə alınır.
Baş İdarə rəisi müasir şəhərsalma prosesində nəqliyyat və mobillik məsələlərinin əhəmiyyətinə də toxunub. O vurğulayıb ki, şəhərlərin inkişafı yalnız yolların genişləndirilməsi və şəxsi avtomobillərin sayının artırılması üzərində qurulmamalıdır. Bunun əvəzinə inteqrasiya olunmuş ictimai nəqliyyat şəbəkələrinin, müxtəlif nəqliyyat növləri arasında əlaqələrin və piyadalar üçün əlverişli şəhər mühitinin yaradılması vacibdir.
R.Qasımov qeyd edib ki, nəqliyyat infrastrukturu ilə torpaqdan istifadə planlaşdırmasının uzlaşdırılması insanların iş yerlərinə, məktəblərə, xidmət və istirahət məkanlarına daha rahat çıxışını təmin edir. Bu isə səfərlərə sərf olunan vaxtı azaldır, məhsuldarlığı artırır və həyat keyfiyyətini yüksəldir.
O bildirib ki, müasir şəhərsalma artıq ayrı-ayrı binaların və təcrid olunmuş infrastruktur layihələrinin inşası ilə məhdudlaşmır. Bu sahədə kompleks, qarışıq təyinatlı layihələrə, səmərəli mühəndis həllərinə və dayanıqlı tikinti texnologiyalarına ehtiyac var.
R.Qasımov Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığın inkişafı üçün bir sıra perspektivli istiqamətlərin olduğunu bildirib.
“Azərbaycan və İtaliya şirkətləri arasında keçmiş sənaye ərazilərinin yenilənməsi, dayanıqlı memarlıq, nəqliyyat yönümlü şəhərsalma, tikinti texnologiyaları və yeni şəhər mərkəzlərinin yaradılması sahələrində əhəmiyyətli əməkdaşlıq potensialı görürəm”, - deyə o vurğulayıb.
Onun fikrincə, bu əməkdaşlıq yalnız ayrı-ayrı tikinti layihələrinin icrası ilə məhdudlaşmamalı, uzunmüddətli şəhərsalma təşəbbüslərinə investisiyaların, texnologiyaların və peşəkar təcrübənin cəlb edilməsini də əhatə etməlidir.
Baş İdarə rəisi tarixi və memarlıq irsinin qorunmasının da şəhərlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, düzgün idarə olunan tarixi irs iqtisadi və mədəni dəyərə çevrilə bilər.
“Bu məsələ xüsusilə özünəməxsus memarlıq xarakterinə və zəngin tarixi kimliyinə malik Bakı üçün aktualdır. Yeni məhəllələr salarkən və infrastrukturu müasirləşdirərkən şəhərimizi fərqləndirən xüsusiyyətləri qorumağa da eyni dərəcədə sadiqik”, - deyə R.Qasımov qeyd edib.
O, İtaliyanın memarlıq, mühəndislik, tikinti, sənaye dizaynı və şəhərsalma ərazilərinin yenilənməsi sahələrində beynəlxalq səviyyədə tanınan təcrübəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.
“İtaliya təcrübəsində məni xüsusilə maraqlandıran məqam innovasiyaların tarixi irsə və milli kimliyə hörmətlə uzlaşdırılması bacarığıdır”, - deyə o bildirib.
R.Qasımov Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün digər mühüm istiqamətin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu bildirib.
O qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Azərbaycan şəhər və kəndləri yenidən qurur, müasir infrastruktur yaradır və dayanıqlı regional iqtisadiyyatın formalaşdırılması istiqamətində işlər aparır.
“Bu layihələr ağıllı texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməklə həyata keçirilir. Eyni zamanda, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması həmin ərazilərin daha geniş regional və beynəlxalq iqtisadi şəbəkələrə inteqrasiyasını gücləndirə bilər”, - deyə R.Qasımov vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və infrastruktur layihələri nəqliyyat bağlantılarının iqtisadi dirçəlişə və uzunmüddətli regional inkişafa necə təkan verə biləcəyini nümayiş etdirir.
R.Qasımov Azərbaycanın Prezidenti İlham Əliyevin 2026-cı ili ölkədə “Şəhərsalma və Memarlıq İli” elan etməsinin bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisi olduğunu bildirib. O, İtaliya ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın müasir, dayanıqlı və iqtisadi baxımdan rəqabətqabiliyyətli şəhər mühitinin formalaşdırılmasına töhfə verə biləcəyini qeyd edib.
