Bakı. Trend:
Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin çıxış etdiyi “Malişeva” Kosovo Superliqasının 14-cü turunda növbəti qələbəsini əldə edib.
“Malişeva” doğma meydanda “Dukaqini”ni 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 15-ci dəqiqədə qonaqların futbolçusu Dienit İsufi açıb. İkinci hissədə isə “Malişeva” geridönüşə imza atıb. Kreşnik Uka 63-cü dəqiqədə hesabı bərabərləşdirib, Dreni Kryeziu isə 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Vüsal İsgəndərli matçı ehtiyat oyunçular skamyasında keçirib.
Bu nəticədən sonra “Malişeva” 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Priştina”dan beş xal geri qalır. “Dukaqini” isə 18 xalla altıncı yerdədir.
