“Costa Concordia” gəmisinin keçmiş kapitanı həbsdən azad edilib

Dünya xəbərləri Xəbər 22 Noyabr 2026 04:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

“Costa Concordia” kruiz gəmisinin keçmiş kapitanı Françesko Skettino doqquz ildən çox həbsdə qaldıqdan sonra cümə günü axşam saatlarında Romanın “Rebibbia” həbsxanasından azadlığa buraxılıb.

Roma Nəzarət Məhkəməsi Skettinonun reabilitasiya prosesini və cəzaçəkmə müddətində davranışını ətraflı qiymətləndirdikdən sonra onun probasiya şərtləri ilə azad edilməsi barədə qərar qəbul edib.

Skettinonun vəkili Françeska Karniçelli məhkəmənin qərarını müsbət qiymətləndirib. O bildirib ki, penitensiar müəssisənin əməkdaşları keçmiş kapitanın reabilitasiya proqramında iştirakını yüksək dəyərləndiriblər.

“Bizim fikrimizcə, bu alternativ cəza növünün tətbiqi üçün bütün şərtlər mövcud idi. Çünki bu, hökmdən sonrakı prosesin düzgün davamıdır”, – deyə vəkil vurğulayıb.

Xatırladaq ki, hadisə 2012-ci ilin yanvarında “Costa Crociere” şirkətinə məxsus “Costa Concordia” gəmisinin Tirren dənizində, Cilyo adası sahillərində qayalara çırpılması nəticəsində baş verib. Toqquşma nəticəsində gəminin sol gövdəsində təxminən 35,59 metr uzunluğunda dəlik yaranıb. Gəmi kəskin əyilərək qayalıqlara oturub və qismən batıb. Qəza nəticəsində sərnişinlər və heyət üzvləri də daxil olmaqla 32 nəfər həlak olub.

Sonrakı məhkəmə prosesləri nəticəsində Skettino 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti