Şimali Koreyada “Müdriklik mənbəyi” (Fountain of Wisdom) adlı yerli süni intellekt əsaslı çat-bot ictimaiyyətə təqdim olunub. Sistem koreya və ingilis dillərində elm və texnologiya sahələrinə aid sualları cavablandıra, həmçinin mətnləri tərcümə edə bilir.
Bu barədə "38 North" analitik mərkəzi məlumat yayıb.
Çat-bot oktyabrın 19-dan 30-dək Pxenyanda keçirilən Milli İT Nailiyyətləri Sərgisində təqdim olunub. Onu Kim İr Sen adına Universitetin Süni İntellekt Texnologiyaları İnstitutu və yerli "Phurunhanul Trading" şirkəti hazırlayıb.
Sistemin interfeysi ChatGPT-ni xatırladır: sol tərəfdə yazışma tarixçəsi, sağ tərəfdə isə dialoq pəncərəsi yerləşir. Ekranda ictimai-siyasi və “qeyri-etik” mövzularda suallar verməyi qadağan edən xəbərdarlıq da var. Belə ki, sistemdən yalnız elm və texnologiya ilə bağlı sorğular üçün istifadə edilməsinə icazə verilir.
Ekspertlərin qiymətləndirməsinə görə, sistemin əsasını mövcud Çin və ya ABŞ süni intellekt modellərindən biri təşkil edə bilər.
