Gələn il Ağdam şəhərinin əhalisi daha 10 min nəfər arta bilər - Emin Hüseynov

Cəmiyyət Xəbər 20 Noyabr 2026 14:03 (UTC +04:00)
Gələn il Ağdam şəhərinin əhalisi daha 10 min nəfər arta bilər - Emin Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam şəhərində işğaldan azad olunduqdan sonra ilk dəfə Şəhər Günü qeyd olunur.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Trend-ə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda Ağdam şəhərində 3 mindən çox, ümumilikdə isə rayon ərazisində 8 300 nəfər yaşayır. Halbuki bir il əvvəl rayonda yaşayanların sayı 500 nəfəri belə ötmürdü.

E.Hüseynov bildirib ki, hazırda rayonda üç kənd bərpa olunaraq sakinlərin məskunlaşması təmin edilib. Daha iki kənddə isə bərpa işləri yekunlaşmaq üzrədir. Gələn ilin ilk aylarında işlərin başa çatdırılması və həmin kəndlərə köç prosesinin başlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, gələn ilin birinci yarısında Ağdam şəhərində əhalinin sayının daha 10 min nəfər artacağı proqnozlaşdırılır.

Xüsusi nümayəndə qeyd edib ki, Ağdam Şəhər Gününün keçirilməsi sakinlərin uzun müddətdir səbirsizliklə gözlədiyi əlamətdar hadisədir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şəhər Günü xüsusi təntənə ilə qeyd olunur. Tədbirlərdə müxtəlif dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, Atıcılıq Federasiyası və Mədəniyyət Nazirliyi iştirak edir.

E.Hüseynov vurğulayıb ki, silsilə tədbirlərdə təkcə Ağdam sakinləri deyil, şəhərin çoxsaylı qonaqları da iştirak edirlər. Bu da Azərbaycan xalqının 30 illik həsrətdən sonra doğma Ağdamın belə əlamətdar gününü səbirsizliklə gözlədiyinin göstəricisidir.

O, bu günün yaşanmasında əməyi olan şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıb və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusuna təşəkkürünü bildirib.

Emin Hüseynov Ağdam sakinlərini və bütün Azərbaycan xalqını Şəhər Günü münasibətilə təbrik edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti