Bakı. Trend:
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Məhəmməd Musayev bürünc medal qazanıb.
Cüdo Federasiyasından verilən məlumata görə, -66 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə danimarkalı Maqni Lauritseni, növbəti qarşılaşmada isə Əlcəzair təmsilçisi Mohamed Amine Degouahı məğlub edib.
1/4 final mərhələsində ötən ilin gənclər arasında dünya çempionu, Gürcüstan təmsilçisi Tornike Qiqauri ilə qarşılaşan Məhəmməd Musayev hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda görüşdə rusiyalı Abdullax Parçiyevə məğlub olan idmançımız bürünc medal uğrunda qarşılaşmada digər Rusiya təmsilçisi İslam Sultiqovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Musayev dünya çempionatının bürünc medalına sahib çıxıb.
Beləliklə, Məhəmməd Musayev ardıcıl ikinci ildir ki, gənclər arasında dünya çempionatında bürünc medal qazanır. O, ötən il Perunun paytaxtı Limada keçirilən dünya çempionatında da eyni nəticəni göstərib.
