Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? Açıqlama

Cəmiyyət Xəbər 19 Noyabr 2026 11:34 (UTC +04:00)
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? Açıqlama
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin sahilboyu ərazilərində yerləşən tikililərin gələcək hüquqi statusu müvafiq normativ-hüquqi aktlar və qanunvericiliyə ediləcək dəyişikliklər əsasında müəyyənləşdiriləcək. Həmin obyektlərin hamısının sökülməsi nəzərdə tutulmur, onların hüquqi statusundan asılı olaraq uyğunlaşdırılması da mümkündür.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sahilboyu ərazilərdə yerləşən tikililərlə bağlı birmənalı qərar vermək tezdir. İlk növbədə, həmin ərazilərin hüquqi rejimi və tikililərin statusu müvafiq normativ-hüquqi aktlarla tənzimlənməlidir.

“Qanunsuz tikili varsa, qanunvericiliyə uyğun olaraq sökülür və biz bu prosesləri görürük. Amma söhbət konkret sahilboyu ərazidən gedirsə, orada yerləşən tikilinin hüquqi statusuna uyğun yanaşma olmalıdır. İlk növbədə, müvafiq normativ-hüquqi aktların təsdiqini gözləməliyik”, – deyə o bildirib.

İ.Həbiyev qeyd edib ki, indiyədək Xəzərin sahilboyu əraziləri vahid idarəetmə statusuna malik olmayıb, ayrı-ayrı rayonların inzibati əraziləri kimi idarə olunub. Yeni mexanizmin tətbiqi üçün sahilboyu ərazilərlə bağlı əsasnamənin təsdiqi və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

O bildirib ki, yeni hüquqi rejim çərçivəsində həmin ərazilərdə tikililərin özəlləşdirilməsinin mümkünlüyü, xüsusi mülkiyyət hüququnun tətbiqi və torpaqların mülkiyyət formaları kimi məsələlər də müəyyənləşdiriləcək.

“Dövlət, təbii ki, həmin sahəyə dövlət mülkiyyəti kimi baxır. Lakin bu məsələyə prosesin gedişində hüquqi baxımdan qiymət veriləcək. Çünki indiyədək qanuniləşdirilmiş obyektlər və mülkiyyət formaları mövcuddur. Onlarla bağlı qanunverici hansı qaydaları müəyyən edəcəksə, biz də həmin qaydalar əsasında hərəkət edəcəyik”, – deyə şöbə müdiri vurğulayıb.

Onun sözlərinə görə, tamamilə yararsız, ərazinin ümumi görünüşünə və müəyyən edilmiş tələblərə uyğun olmayan, ictimai əhəmiyyət daşımayan və əhaliyə xidmət göstərmək imkanına malik olmayan tikililərin də tənzimlənməsinə ehtiyac var.

İ.Həbiyev əlavə edib ki, belə obyektlərin sökülməsi və ya başqa formada istifadəyə uyğunlaşdırılması məsələsi onların vəziyyəti və gələcəkdə qəbul ediləcək qanunvericilik normaları əsasında həllini tapacaq.

“İndidən birmənalı şəkildə demək olmaz ki, hansısa tikili söküləcək, yaxud başqa tədbir görüləcək. Ola bilər ki, müəyyən obyektlər uyğunlaşdırılsın. Bunu qanunvericilik müəyyən edəcək. Bu məsələdə tələsməməliyik, çünki söhbət həm ictimai, həm də əhali ilə birbaşa bağlı olan məsələdən gedir”, – deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti