Bakı. Trend:
Azərbaycanda cari il ərzində aparılan monitorinqlər nəticəsində 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox veb-disfeysment və DDoS hücumu müəyyən edilib, 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb.
Trend-in müxbirinin xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov cümə axşamı Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin iqtisadi, siyasi və təhlükəsizlik prioritetlərinə əsaslı təsir göstərir. Texnoloji üstünlük artıq yalnız innovasiya və iqtisadi inkişaf göstəricisi deyil, eyni zamanda strateji təsir və milli təhlükəsizlik amilidir.
Nazir müavininin sözlərinə görə, xüsusilə süni intellektin müxtəlif sahələrə inteqrasiyası beynəlxalq münasibətlərin xarakterini, dövlətlər arasındakı güc balansını və kiberməkanda təhlükəsizlik yanaşmalarını dəyişdirir.
O bildirib ki, müasir informasiya mühitində dezinformasiya və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu təhdidlərin sərhəd tanımadığını nəzərə alaraq, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir.
S.Əsədovun sözlərinə görə, ölkədə kibertəhlükəsizlik ekosisteminin təkmilləşdirilməsi və müasir çağırışlara hazırlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası, eləcə də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində müəyyən edilmiş hədəflər aidiyyəti qurumlar tərəfindən icra olunur.
O vurğulayıb ki, əsas məqsəd ölkənin kibertəhlükəsizlik potensialını gücləndirmək, kiber təhdidləri aşkarlamaq və insidentlərə koordinasiyalı cavab vermək mexanizmlərini inkişaf etdirməkdir.
Bu məqsədlə texniki araşdırmaların aparılması, kiber təhdidlər barədə məlumatların təhlili, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və aidiyyəti tərəflər arasında operativ məlumat mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır.
S.Əsədov bildirib ki, ölkə səviyyəsində kiber təhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub. Platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb.
O qeyd edib ki, bu göstəricilər kiber təhdidlərin miqyasını və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini nümayiş etdirir. Bununla yanaşı, əsas hədəf yalnız təhdidlərin aşkarlanması deyil, onların qabaqcadan qarşısının alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir.
S.Əsədov diqqətə çatdırıb ki, kibertəhlükəsizlik sahəsində hüquqi baza da ardıcıl olaraq təkmilləşdirilir. Onun sözlərinə görə, 2026-cı il iyulun 14-də qəbul edilmiş qanunla informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kiber təhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin, milli CERT, milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulub.
O, kibertəhlükəsizliyin təmin edilməsində insan kapitalının inkişafının da mühüm rol oynadığını bildirib.
“Ən müasir müdafiə sistemləri belə istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmədiyi şəraitdə arzuolunan nəticəni təmin edə bilmir”, – deyə S.Əsədov qeyd edib.
O vurğulayıb ki, kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və cəmiyyətin rəqəmsal savadlılığının inkişafı uzunmüddətli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir.
S.Əsədovun sözlərinə görə, ötən il ərzində 800-dən çox maarifləndirmə tədbiri vasitəsilə 51 mindən çox vətəndaş məlumatlandırılıb. Tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində 4 milyondan çox vətəndaşa xəbərdarlıq bildirişləri göndərilib, sosial mediada yayımlanan maarifləndirici paylaşımlar isə 2,2 milyondan çox baxış toplayıb.
O əlavə edib ki, Azərbaycanın bölgələrindəki məktəblərdə şagirdlər üçün təlimlər keçirilib, uşaqların kibertəhlükəsizlik üzrə maarifləndirmə, tədris və analitika funksiyalarını birləşdirən CERT Kids platforması istifadəyə verilib.
S.Əsədov qeyd edib ki, müasir dövrdə güc və təsir anlayışları yenidən formalaşır. Bu şəraitdə dövlətlərin rəqəmsal mühitdə dayanıqlı mövqeyi yalnız texnoloji imkanlarla deyil, həm də təhlükəsizlik potensialı, insan kapitalı, institusional çeviklik və beynəlxalq əməkdaşlıq qabiliyyəti ilə müəyyən olunur.
O bildirib ki, təhlükəsiz və dayanıqlı kiberməkanın formalaşdırılması ayrı-ayrı dövlətlərin imkanları ilə məhdudlaşmır. Kiber təhdidlərin sərhədlərarası xarakteri dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsini, təhdidlər barədə operativ məlumat mübadiləsini, kiber insidentlərə birgə hazırlığı və beynəlxalq əməkdaşlığın praktik mexanizmlərinin inkişaf etdirilməsini zəruri edir.
“Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyə, regional və beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsini genişləndirməyə və təhlükəsiz rəqəmsal gələcəyin formalaşdırılmasına töhfə verməyə hazırıq”, – deyə o əlavə edib.
