Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin APEC sammitinin qonaqları üçün təşkil olunan təntənəli qəbulda iştirak etmək məqsədilə tədbirin keçirildiyi məkana gəlib. Qəbul Çin Prezidenti Si Cinpinin adından təşkil olunub.
Bu barədə "Vedomosti" məlumat yayıb.
Görüşün əsas məkanı Beynəlxalq Mübadilə Mərkəzi olub. Rusiya lideri mərkəzə özünün “Aurus” limuzini ilə gəlib. Rusiya Prezidenti Si Cinpin və həyat yoldaşı Pen Liyuan tərəfindən şəxsən qarşılanıb.
Putin və Si Cinpin əl sıxaraq protokol qaydalarına uyğun fotoşəkillər çəkdiriblər. Putin, həmçinin ABŞ Prezidenti Donald Trampla görüşüb və onlar da bir-biri ilə əl sıxıblar.
Noyabrın 18-də Şençjendə Putin və Si Cinpin dövlət iqamətgahı olan “Qilin Şan Çjuan”da danışıqlar aparıblar. Putin qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq bir neçə ildir 200 milyard dolları ötür. O bildirib ki, Rusiya ilə Çin arasında innovasiya sahəsində əməkdaşlıq həyata keçirilir, nəqliyyat əlaqələri inkişaf etdirilir, humanitar əməkdaşlıq intensivləşdirilir. Rusiya və Çin arasında vizasız rejim də bu prosesə töhfə verir.
Putin və Si Cinpin daha sonra dar tərkibdə işgüzar səhər yeməyi formatında danışıqları davam etdiriblər. Tərəflərin Ukrayna məsələsini, Koreya yarımadasındakı vəziyyəti və Asiya-Sakit Okean regionunda strateji əməkdaşlığı müzakirə etdiyi bildirilir.
