Bakı. Trend:
Azərbaycanda uşağa qulluğa görə sosial müavinət almaq istəyən şəxslər üçün ən azı 6 ay sosial sığorta stajı tələbinin müəyyən edilməsi təklif olunur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Yeni şərtin tətbiqi ilə qısamüddətli formal əmək münasibətləri yaradaraq dövlət hesabına müavinət əldə edilməsi risklərinin qarşısının alınması hədəflənir. Dəyişiklik eyni zamanda gələcəkdə uşağa qulluğa görə müavinətin məbləğinin artırılması üçün daha dayanıqlı sosial sığorta mexanizminin formalaşdırılmasına yönəlib.
Müavinət almaq üçün 6 ay sığorta stajı tələb olunacaq
Hazırda uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün minimum sosial sığorta stajı tələbi mövcud deyil. Bu isə əmək münasibətlərinin elektronlaşdırılması və işə qəbul prosedurlarının sadələşdirilməsi şəraitində bəzi sui-istifadə risklərinin yaranmasına səbəb olur.
Belə ki, şəxsin əmək bazarına faktiki inteqrasiyası olmadan qısa müddət ərzində işə qəbul edilməsi, ardınca isə uşağa qulluğa görə sosial məzuniyyətə çıxması mümkündür. Bu vəziyyət yalnız dövlət vəsaiti hesabına müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskini artırır.
Xüsusilə yaxın qohumlar və digər şəxslər arasında bu məqsədlə əmək münasibətlərinin qurulması sosial sığorta sistemindən sui-istifadə hallarına şərait yarada bilər.
Bunun qarşısını almaq üçün uşağa qulluğa görə müavinətin təyin edilməsi zamanı ən azı 6 ay sosial sığorta stajının olması şərtinin tətbiqi təklif edilir. Məqsəd müavinətin real əmək və sığorta münasibətləri əsasında təyin olunmasını təmin etməkdir.
Uşağa qulluğa görə müavinətin hazırkı məbləği nə qədərdir?
Hazırda uşağa qulluğa görə müavinətin məbləği uşağın yaşından asılı olaraq fərqlənir:
- Uşağın 1 yaş yarımınadək dövrü üçün aylıq 44 manat;
- Uşağın 1 yaş yarımından 3 yaşınadək dövrü üçün aylıq 28 manat.
Bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb.
Əsaslandırmada bildirilir ki, mövcud makroiqtisadi göstəricilər, o cümlədən minimum və orta aylıq əməkhaqqı ilə müqayisədə müavinətlərin hazırkı məbləği aşağı səviyyədə qalır. Bu səbəbdən müavinətin artırılması istiqamətində əlavə tədbirlərə ehtiyac var.
Müavinətin artırılması üçün əvvəlcə yeni şərt tətbiq ediləcək
Təklif olunan dəyişikliklərin əsas məqsədlərindən biri gələcəkdə uşağa qulluğa görə müavinətin məbləğinin layiqli həddə çatdırılması üçün hüquqi və maliyyə baxımından daha dayanıqlı mexanizm yaratmaqdır.
Əsaslandırmada qeyd olunur ki, minimum sosial sığorta stajı tələbinin olmaması qısamüddətli sığortalanma yolu ilə sistemdən sui-istifadə risklərini artırır. Bu risklər isə müavinətlərin məbləğinin artırılması ilə bağlı daha geniş tədbirlərin həyata keçirilməsini məhdudlaşdırır.
Buna görə də ilk növbədə 6 aylıq sosial sığorta stajı şərtinin müəyyən edilməsi, müavinətin təyin olunması mexanizminin digər analoji sosial sığorta ödənişləri ilə uyğunlaşdırılması nəzərdə tutulur.
Beləliklə, dəyişikliklər həm sosial sığorta sistemində sui-istifadə hallarının qarşısının alınmasına, həm də gələcəkdə uşağa qulluğa görə müavinətlərin artırılması üçün daha etibarlı əsasların yaradılmasına xidmət edəcək.
Qeyd edək ki, təqdim olunan əsaslandırmada müavinətin hazırkı məbləğlərinin konkret olaraq nə vaxt və nə qədər artırılacağına dair qərar və ya rəqəm göstərilmir. Təklifin əsas istiqaməti müavinət almaq hüququ üçün minimum sosial sığorta stajı tələbinin müəyyən edilməsidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
