Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM

Cəmiyyət Xəbər 17 Noyabr 2026 12:36 (UTC +04:00)
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb olunması fermerlərin fəaliyyətini çətinləşdirə bilər. Buna görə də kənd təsərrüfatı istehsalçıları üçün mövcud vergi güzəştinin daha bir neçə il uzadılması təklif olunur.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, fermerlər gübrə, yanacaq, texnika, suvarma və işçi qüvvəsinə xeyli vəsait sərf edirlər. Bununla yanaşı, onlar istehsal etdikləri məhsulları vaxtında sata bilmirlər.

“Fermer gübrəyə, yanacağa, texnikaya, suvarmaya, işçi qüvvəsinə xeyli vəsait sərf edir. Məhsulunu vaxtında sata bilmir. Ona görə də vergidən azadolmanın daha bir neçə il uzadılmasını xahiş edirəm”, – deyə T.Rzayev vurğulayıb.

O, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanılması məsələsinə də diqqət çəkib. Deputatın sözlərinə görə, iqtisadiyyat üçün faydalı ola biləcək yun və gön-dəri məhsulları artıq tullantıya çevrilib. Fermerlərin bir çoxu isə becərdikləri tərəvəz, bostan və meyvə məhsullarını vaxtında sata bilmirlər.

T.Rzayev hesab edir ki, bu məhsulların tədarükü, emalı və saxlanılması dövlət tərəfindən təmin olunsa, büdcəyə xeyli gəlir gətirmək mümkün olar.

Deputat son illərdə büdcə vəsaitlərinə qənaət məqsədilə kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində ixtisarların aparıldığını, bu sahələrə ayrılan yanacağın miqdarının bir neçə dəfə azaldıldığını da bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində tullantıların yığışdırılması, yaşıllıqların qorunması və suvarılması, ərazilərdə təmizliyin təmin edilməsi xeyli çətinləşib.

“Min zəhmət bahasına əkilib-becərilən yaşıllıqlar sıradan çıxmaqda, çox sayda ağaclar qurumaqdadır”, – deyə deputat qeyd edib.

T.Rzayev bu vəziyyəti müşahidə etmək üçün Bakı-Gəncə magistral yolunun kənarında salınmış yaşıllıqlara və quruyan ağaclara nəzər salmağın kifayət etdiyini bildirib.

Deputat orta məktəb dərsliklərinin tərtibi və nəşri ilə bağlı narahatlığını da ifadə edib. O qeyd edib ki, bu məsələ cəmiyyətdə ciddi narahatlıq doğurur.

“Xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxan, milli-mənəvi dəyərlərimizə zidd, sönük cızma-qaraları məktəb dərsliklərinə salıb qazanc əldə edənlər tək ayrılan dövlət vəsaitlərini mənimsəmirlər, övladlarımızın mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar. Bu barədə ciddi düşünülməli, əsaslı tədbirlər görülməlidir”, – deyə deputat vurğulayıb.

T.Rzayev büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində səlahiyyətli qurumlar tərəfindən həyata keçirilən tədbirləri təqdir etdiyini bildirib. Bununla yanaşı, səsləndirdiyi məsələlərə də diqqət yetirilməsini xahiş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti