Bakı. Trend:
Bəhreynin Şeyx İsa hərbi bazasında ABŞ ordusuna məxsus bir radar sistemi vurulub.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“ABŞ ordusunun Pilotsuz Uçuş Aparatları vasitəsi ilə İranın hava zolağını pozmasının davam etməsinə cavab olaraq, eyni zamanda elektronika döyüşündə uğurlu əməliyyatlarla MQ və MQM-170 Pilotsuz Uçuş Aparatlarının qənimət götürülməsinin davamında ötən gecə dəqiq bir əməliyyatda SEPAH-ın döyüş PUA-ları ABŞ ordusunun Şeyx İsa hərbi bazasındakı 1 radar sistemini vurublar”, -deyə məlumatda qeyd olunub.
SEPAH bildirir ki, bu addım ABŞ ordusunun bölgədə hərəkətləri ilə mübarizə çərçivəsində həyata keçirilib.
SEPAH qeyd edib ki, İranın hava zolağına qanunsuz girişin davam etməsi, regionun hərbi bazaları və obyektlərindən İran əleyhinə istifadə olunması cavabsız qalmayacaq və bu addımların mənfi nəticələrində ABŞ tərəfi məsuliyyət daşıyır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
