İslam İnkişaf Bankı Orta Dəhlizin inkişafına 660 milyon avro ayıracaq

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 14:58 (UTC +04:00)
İslam İnkişaf Bankı Orta Dəhlizin inkişafına 660 milyon avro ayıracaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

İslam İnkişaf Bankı (İİB) və Türkiyə İstanbulun şimalında dəmir yolu əlaqəsinin yaradılması layihəsinin (Istanbul North Rail Crossing Project, INRAIL) maliyyələşdirilməsi ilə bağlı 660 milyon avro məbləğində saziş imzalayıb.

İİB-nin məlumatına görə, imzalanma mərasimi BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində Antalyadakı EXPO sərgi mərkəzində keçirilib. Saziş Türkiyənin Xəzinədarlıq və maliyyə nazirliyi ilə İslam İnkişaf Bankı arasında imzalanıb.

Qeyd olunur ki, imzalanma mərasimi Türkiyənin xəzinədarlıq və maliyyə naziri, ölkənin İİB-dəki nümayəndəsi Mehmet Şimşekin, eləcə də çoxtərəfli inkişaf banklarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində baş tutub.

“Çoxtərəfli inkişaf banklarının dəstəyi ilə ümumi dəyəri təxminən 5,1 milyard ABŞ dolları olan 10 layihə və proqramın maliyyələşdirilməsi elan edilib. Bu layihələr Paris Sazişi və Türkiyənin milli səviyyədə müəyyən edilmiş ikinci töhfəsi (NDC 3.0) çərçivəsində ölkənin iqlim hədəflərinə nail olmasına yönəlib. Söhbət, xüsusilə, iqlim dəyişikliklərinə davamlı infrastrukturun yaradılması, aşağı karbon emissiyalı nəqliyyatın inkişafı, dayanıqlı sənayeləşmə, iqlim dəyişikliklərinə uyğunlaşdırılmış kənd təsərrüfatı, şəhərlərin ekoloji cəhətdən dayanıqlı inkişafı və iqtisadi dayanıqlığın artırılmasından gedir.

660 milyon avro məbləğində maliyyələşdirmə İslam İnkişaf Bankının Türkiyədə həyata keçirdiyi ən böyük suveren maliyyə əməliyyatıdır. Vəsaitlər ölkənin Nəqliyyat və infrastruktur nazirliyi tərəfindən icra olunacaq INRAIL strateji infrastruktur layihəsinin həyata keçirilməsinə yönəldiləcək.

Bundan əlavə, bu saziş İİB ilə Türkiyə arasında "Forward Lease" (maliyyə lizinqi) mexanizmi üzrə imzalanmış ilk maliyyələşdirmə sazişidir”, - deyə bankın məlumatında bildirilir.

Vurğulanır ki, INRAIL layihəsi müasir siqnalizasiya sistemi ilə təchiz edilmiş, elektrikləşdirilmiş, təxminən 127 kilometrlik dəmir yolu infrastrukturunun tikintisini və inkişafını nəzərdə tutur. Layihənin həyata keçirilməsinin Avropa ilə Asiya arasında yük və sərnişin daşımalarının səmərəliliyini artıracağı, qitələrarası dəmir yolu əlaqələrini gücləndirəcəyi gözlənilir.

İİB-nin məlumatına əsasən, bankın icraçı direktorlar şurası layihənin maliyyələşdirilməsini 2026-cı ilin iyun ayında təsdiqləyib.

“İslam İnkişaf Bankı Qrupu tərəfindən Türkiyədə təsdiqlənmiş layihələrin ümumi maliyyələşdirmə həcmi 16,5 milyard ABŞ dollarını ötüb. Bu vəsaitlər infrastruktur, səhiyyə, bərpaolunan enerji, sürətli dəmir yolu əlaqəsi, təhsil, kənd təsərrüfatı, maliyyə, özəl sektorun inkişafı və beynəlxalq ticarət də daxil olmaqla, müxtəlif sahələrdə 556 layihənin həyata keçirilməsinə yönəldilib”, - deyə bank bildirir.

Qeyd edək ki, layihənin həyata keçirilməsi dəmir yolu daşımalarının illik buraxılış qabiliyyətini 3 milyon tondan 50 milyon tona çatdırmağa imkan verəcək. Layihənin ümumi dəyəri 8,1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Maliyyələşdirmənin təxminən 83 faizi beynəlxalq maliyyə institutları tərəfindən təmin olunur.

Türkiyədə dəmir yolu infrastrukturunun inkişafı Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir. Belə ki, layihə Avropa ilə Asiya arasındakı marşrutun buraxılış qabiliyyətini artırmağa və mövcud logistika məhdudiyyətlərini azaltmağa imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti