Bakı. Trend:
İran Bəhreyndəki Ər-Riffa helikopter bazasında ABŞ-yə məxsus radiolokasiya radarına altı pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Bu barədə İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“ABŞ ordusunun açıq-aşkar təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsində Bəhreyndəki Ər-Riffa helikopter bazasında yerləşən ABŞ-ın hava hücumundan müdafiə sisteminə aid radiolokasiya stansiyası İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə məxsus altı pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb”, – deyə bəyanatda bildirilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.