Bakı. Trend:
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlir və xərc proqnozları əvvəlki illərdə hazırlanmış büdcə zərflərindəki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdirilib.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2024–2026-cı illərin büdcə zərflərində 2027-ci il üçün dövlət büdcəsinin parametrləri dörd dəfə müəyyən edilib. Bu proqnozların üçü müvafiq illərin ilkin büdcə zərflərində, biri isə 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması zamanı təqdim olunan sənədlərdə əksini tapıb.
Hesablama Palatasının təhlili göstərib ki, əvvəlki büdcə zərflərində 2027-ci il üçün nəzərdə tutulan gəlir və xərc göstəriciləri hazırkı büdcə zərfindəki proqnozlardan fərqlənir.
Belə ki, əvvəlki illərin büdcə zərfləri ilə müqayisədə 2027-ci ilin büdcə zərfində dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar 0,1–2,2 milyard manat, xərclər üzrə isə 0,2–2,7 milyard manat məbləğində dəyişdirilib. Bu dəyişikliklər müxtəlif illərdə dövlət büdcəsi kəsirinin həcminə də təsir göstərib.
Palata qeyd edib ki, müxtəlif büdcə zərflərində eyni il üzrə təqdim olunan proqnoz göstəriciləri arasındakı fərqlərin azalması müşahidə olunur.
Təhlilə görə, 2024-cü ilin büdcə zərfi ilə müqayisədə dövlət büdcəsi xərclərində baş verən 2,7 milyard manatlıq dəyişikliklərin təxminən 77,9 faizi “Müdafiə və milli təhlükəsizlik” bölməsinin payına düşüb.
Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) əhatə etdiyi digər sahələr üzrə isə dəyişikliklər nisbətən məhdud olub. Belə ki, 2027-ci ilin büdcə zərfində “Təhsil” bölməsi üzrə xərclər 2024-cü ilin büdcə zərfi ilə müqayisədə 7,3 faiz az proqnozlaşdırılıb. “Kənd təsərrüfatı” bölməsi üzrə xərclərdə 20,4 faiz, “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə isə 6,9 faiz artım nəzərdə tutulub.
Hesablama Palatası vurğulayıb ki, büdcə proqnozlarının dəyişməsinə makroiqtisadi göstəricilərdəki dəyişikliklərdən qlobal iqtisadiyyatda baş verən xarici şoklara qədər müxtəlif amillər təsir edir. Bu səbəbdən belə dəyişikliklərin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin nəzərdə tutulması ortamüddətli dövrdə dövlətin maliyyə dayanıqlılığının və iqtisadi sabitliyinin qorunması baxımından vacibdir.
Rəydə qeyd olunur ki, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının, strateji hədəflərinin və gələcək dövlət öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi ortamüddətli büdcə planlaşdırılmasının səmərəliliyi üçün mühüm əhəmiyyət daşıyır.
Palatanın qiymətləndirməsinə görə, beynəlxalq maliyyə institutları ortamüddətli xərclər çərçivəsi islahatlarının həyata keçirilməsi və nəticəəsaslı büdcə mexanizminə keçid zamanı makroiqtisadi və büdcə proqnozları üzrə kənarlaşmaların olmamasını və ya minimum səviyyədə saxlanılmasını əsas şərtlərdən biri hesab edir.
OMXÇ islahatları yeni sahələri də əhatə edir
Rəydə ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçidlə bağlı görülən işlərə də toxunulub.
Bildirilib ki, cari il ərzində dövlət büdcəsi xərclərinin proqram təsnifatına daxil olan sektorlarda, eləcə də islahatlara yeni cəlb edilmiş “Səhiyyə”, “Mədəniyyət”, “Gənclər siyasəti və idman”, “Media və informasiya” sektorlarında zəruri tədbirlər həyata keçirilib.
Yeni cəlb edilmiş sahələrdə təlimlər təşkil olunub və strateji hədəflər müəyyənləşdirilib. Həmin hədəflər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eləcə də bu prioritetlərin reallaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində nəzərdə tutulan məqsədlərlə əlaqələndirilib.
Eyni zamanda, hədəflərin müəyyənləşdirilməsi zamanı qüvvədə olan digər strateji sənədlərdəki qısamüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər, həmçinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası nəzərə alınıb.
Hesablama Palatası hesab edir ki, strateji sənədlərdə müəyyən edilmiş hədəflərin maliyyə təminatının büdcə layihəsində nəzərə alınması və nəticəəsaslı indikatorların tətbiq edildiyi sahələrdə OMXÇ islahatlarının genişləndirilməsi ortamüddətli büdcə planlaşdırılmasının təkmilləşdirilməsinə töhfə verə bilər.
