Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları struktur islalahatlarından faydalanmağa davam edir - BVF

Maliyyə Xəbər 13 Noyabr 2026 12:45 (UTC +04:00)
Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları struktur islalahatlarından faydalanmağa davam edir - BVF
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları struktur islahatlardan faydalanmağa davam edir ki, bu da regionda iqtisadi artımın dayanıqlı templərinin qorunmasına şərait yaradır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli cümə günü BVF-nin 2026-cı ilin noyabr ayı üzrə Qafqaz və Mərkəzi Asiya regionuna dair iqtisadi icmalına həsr olunmuş dəyirmi masa çərçivəsində bildirib.

Onun sözlərinə görə, region ölkələri birinci nəsil islahatlardan, eləcə də Rusiya-Ukrayna münaqişəsi ilə əlaqəli bir sıra xarici amillərdən müsbət fayda əldə etməkdə davam edirlər.

Söhbət, xüsusilə, ticarət axınlarının istiqamətinin dəyişməsindən, maliyyə daxilolmalarının və pul köçürmələrinin artmasından, habelə, xüsusən Ermənistan və Gürcüstana ixtisaslı mütəxəssislərin axınından gedir.

Kardarelli qeyd edib ki, davam edən struktur dəyişiklikləri bu amillərlə birlikdə regionun inkişafı üçün əlverişli şərait yaradır. Onun qiymətləndirməsinə görə, Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları yüksək dayanıqlılıq nümayiş etdirir, iqtisadi artım templəri isə əhəmiyyətli səviyyədə qalır.

Qlobal iqtisadi perspektivlərdən danışan BVF nümayəndəsi Fondun proqnozlarının Yaxın Şərqdə münaqişənin həll olunacağı və gələn il neft-qaz təchizatında vəziyyətin normallaşacağı ehtimalına əsaslandığını bildirib.

Gözlənilir ki, 2027-ci il ərzində Hörmüz boğazı vasitəsilə ticarət tədricən bərpa olunacaq və bu, neft və qaz qiymətlərinin azalması ilə müşayiət ediləcək. Bununla yanaşı, BVF qlobal maliyyə şərtlərinin kəskin sərtləşəcəyini proqnozlaşdırmır: faiz dərəcələri arta bilər, lakin bu artım cüzi olacaq. Ərzaq qiymətlərində də mülayim artım gözlənilir.

Kardarelli vurğulayıb ki, bu ehtimallar özünü doğruldacağı təqdirdə, dünya iqtisadiyyatı dayanıqlılığını qoruyacaq ki, bu da Qafqaz və Mərkəzi Asiya ölkələrinə müsbət təsir göstərəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti