Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik yolunun hüquqi dayağıdır - Azər Qarayev

Siyasət Rəy 12 Noyabr 2026 13:55 (UTC +04:00)
Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik yolunun hüquqi dayağıdır - Azər Qarayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müasir dövlətçilik tarixində 12 noyabr xüsusi yer tutur. Bu tarix ölkənin müstəqillik əldə etdikdən sonra öz siyasi və hüquqi sistemini milli iradə əsasında müəyyənləşdirdiyi mühüm mərhələnin rəmzidir. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın gələcək inkişaf istiqamətlərini, dövlət hakimiyyətinin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətlərin əsaslarını müəyyən edən fundamental sənədə çevrildi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Müstəqilliyin bərpası Azərbaycana öz dövlətçilik modelini formalaşdırmaq imkanı yaratdı. Lakin bunun üçün yalnız müstəqillik haqqında siyasi qərar kifayət etmirdi. Yeni dövlətin fəaliyyətini tənzimləyən, hakimiyyət institutlarının səlahiyyətlərini müəyyən edən, vətəndaşların hüquq və azadlıqlarını qoruyan vahid hüquqi sistemə ehtiyac var idi. Konstitusiyanın hazırlanması zərurəti də məhz bu tarixi tələbdən irəli gəlirdi.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Sənəd həmin il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiya layihəsinin hazırlanmasına Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya cəlb olunmuşdu. Beləliklə, müstəqil Azərbaycanın yeni hüquqi sisteminin əsasları xalqın iradəsi ilə təsdiqləndi", - o bildirib.

A.Qarayev qeyd edib ki, bu hadisənin tarixi əhəmiyyətini Azərbaycanın əvvəlki konstitusiya təcrübəsi ilə müqayisədə də görmək mümkündür.

"Azərbaycan Xalq Cümhuriyyəti 1918–1920-ci illərdə fəaliyyət göstərdiyi qısa müddətdə ayrıca Konstitusiya qəbul edə bilməmişdi. Sovet dövründə isə respublikanın əsas qanunları ittifaq dövlətinin siyasi və hüquqi quruluşuna uyğun hazırlanırdı. 1995-ci il Konstitusiyası ilk dəfə müstəqil Azərbaycanın dövlətçilik prinsiplərini vahid sənəddə əks etdirdi.

Əsas Qanunun mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi prinsipini təsbit etməsidir. Bu yanaşma dövlət idarəçiliyində səlahiyyətlərin hüquqi çərçivəsini müəyyənləşdirir, hər bir hakimiyyət qolunun fəaliyyət istiqamətlərini və qarşılıqlı münasibətlərini tənzimləyir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, suveren hüququnun referendum və seçkilər vasitəsilə həyata keçirilməsi də ayrıca təsbit edilib.

Beləliklə, Konstitusiya dövlət institutlarının fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanmasının hüquqi təminatını yaradır. Bu prinsip müstəqil dövlətin idarəçilik sisteminin formalaşmasında mühüm əhəmiyyət daşıyır", - o bildirib.

Politoloq vurğulayıb ki, Konstitusiyanın digər mühüm istiqaməti insan və vətəndaş hüquqlarının hüquqi təminatıdır.

"Sənədin ayrıca bölməsinin fundamental hüquq və azadlıqlara həsr edilməsi dövlət-vətəndaş münasibətlərində bu məsələnin əhəmiyyətini göstərir. Yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər hüquqların konstitusion səviyyədə təsbit edilməsi hər bir vətəndaşın hüquqi müdafiəsinin əsasını yaradır. Burada dövlətin qarşısında duran vəzifə həmin hüquqların tanınması ilə yanaşı, onların həyata keçirilməsi üçün müvafiq mexanizmlərin təmin edilməsidir.

Konstitusiya Azərbaycanın ərazi quruluşunu və dövlət idarəçiliyinin müxtəlif səviyyələrini də müəyyənləşdirir. Naxçıvan Muxtar Respublikasının konstitusion statusu, yerli özünüidarəetmə orqanlarının fəaliyyət prinsipləri, qanunvericilik sisteminin əsasları bu sənəddə öz əksini tapıb. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanun ölkənin siyasi və hüquqi sisteminin bütöv mənzərəsini formalaşdırır", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər Konstitusiyanın da təkmilləşdirilməsini zəruri edib.

"2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Bu proses dövlət idarəçiliyində yeni tələblərin nəzərə alınması, siyasi institutların fəaliyyətinin yenilənməsi və hüquqi mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyıb. Konstitusiyaya dəyişikliklərin referendum yolu ilə edilməsi isə onun əsas müddəalarının dəyişdirilməsində xalqın iradəsinin rolunu qoruyur.

Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkədə hüquqi dövlət quruculuğunun müxtəlif istiqamətləri üzrə işlər davam etdirilib. Qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin inkişafı, yeni idarəetmə mexanizmlərinin tətbiqi müstəqil dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü və beynəlxalq müqavilələr sisteminə inteqrasiyası milli qanunvericiliyin müasir hüquqi standartlarla uzlaşdırılması məsələsini də aktuallaşdırıb", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın əhəmiyyətini müəyyən edən digər mühüm məqam ölkənin ərazi bütövlüyü və suverenliyi məsələsidir.

"Uzun illər ərzində Ermənistanın işğalı səbəbindən Azərbaycanın konstitusion hüquqlarının ölkənin bütün ərazisində həyata keçirilməsi mümkün deyildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi üçün yeni mərhələ başlandı.

Bu dəyişiklik dövlət quruculuğunun qarşısında yeni vəzifələr də müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə idarəetmə sisteminin qurulması, hüquqi normaların tətbiqi, infrastrukturun yaradılması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi vahid konstitusion məkanın formalaşdırılmasının mühüm istiqamətləridir. Beləliklə, ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin hüquqi və institusional müstəvidə möhkəmləndirilməsi üçün də yeni imkanlar yaradıb.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi xüsusi məna daşıyırdı. Bu qərar Konstitusiyanın 30 illiyi və Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü ilə əlaqələndirilmişdi. İl ərzində təşkil olunan tədbirlər, elmi müzakirələr və hüquqi maarifləndirmə təşəbbüsləri dövlətçilik tarixinin bu iki mühüm istiqamətinin qarşılıqlı əlaqəsini ön plana çıxardı", - o bildirib.

Politoloq vurğulayıb ki, bu gün, 12 noyabr 2026-cı ildə Konstitusiya Gününü qeyd edərkən, 1995-ci ildən ötən 31 ilin təcrübəsinə nəzər salmaq vacibdir.

"Bu müddət ərzində Azərbaycan müstəqil dövlət kimi öz siyasi institutlarını formalaşdırıb, iqtisadi və sosial inkişaf yolu keçib, beynəlxalq münasibətlər sistemində mövqeyini genişləndirib. Bütün bu proseslərdə Konstitusiya dövlətin hüquqi fəaliyyət çərçivəsini müəyyən edən əsas sənəd olaraq qalıb.

Konstitusiya Gününün əhəmiyyəti yalnız tarixi hadisənin ildönümünü qeyd etməklə məhdudlaşmır. Bu tarix hər bir vətəndaşa hüquqlarının hansı hüquqi əsaslarla qorunduğunu, dövlətin fəaliyyətinin hansı prinsiplərə söykəndiyini və cəmiyyətin inkişafında qanunlara hörmətin nə qədər vacib olduğunu xatırladır. Hüquqi dövlətin möhkəmliyi qanunvericilik normalarının gündəlik həyatda tətbiqindən, dövlət qurumlarının fəaliyyətində qanunçuluğun təmin edilməsindən və vətəndaşların hüquqi məsuliyyətindən asılıdır.

12 noyabr Azərbaycanın müstəqil dövlətçilik yolunun hüquqi əsaslarını xatırladan, xalqın suveren iradəsini və gələcək nəsillər qarşısında dövlətçilik məsuliyyətini ifadə edən əlamətdar gündür. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin siyasi və hüquqi inkişafının əsasını qoymaqla yanaşı, müasir Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsinə çevrilib", - o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti