Bakı. Trend:
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın tarixi Zəfərinin altıncı ildönümü ərəfəsində müzakirə olunur. Vətən müharibəsində qazanılan Qələbə uzun illər torpaqların işğalının aradan qaldırılmasına yönəlmiş büdcə siyasətindən yeni milli hədəflərə və Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə yol açıb.
Z.Oruc qeyd edib ki, büdcə müzakirələrinin aparıldığı günlərdə, noyabrın 6-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl, Zəngilan və Ağdamda doğma torpaqlarına qayıdan sakinlərlə görüşüb, ailələrə yeni evlərinin açarlarını təqdim edib, istehsal müəssisələrinin açılışında iştirak ediblər.
Deputatın sözlərinə görə, qlobal təhlükələr şəraitində dövlət büdcəsində hərbi və sosial xərclərin artırılması təqdirəlayiqdir. Bununla yanaşı, son bir həftədə büdcə müzakirələri ilə paralel olaraq informasiya məkanında ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı xəbərlər də geniş müzakirə olunub.
O xatırladıb ki, Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 13-də qəbul etdiyi qərarla ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni zamanda, Milli Məclisin komitələrində Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunur. Həmin dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən gəlir və mənfəət vergisindən 100 faizlik azadolmanın 2027-ci il yanvarın 1-dən 90 faizlik güzəştlə əvəzlənməsi təklif edilir.
Z.Oruc vurğulayıb ki, ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi rejiminin dəyişdirilməsi bir-birindən fərqli məsələlərdir.
“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün, ünvanlı sosial siyasət yürüdülməsi məqsədinə xidmət edir. Bu, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə və digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır”, – deyə deputat bildirib.
O əlavə edib ki, ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında da ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri mövcuddur.
Deputat evlərdəki elektron cihazların qeydiyyata alınacağı və yumurtaların sayılacağı barədə yayılan xəbərlərin narahatlıq yaratmasının səbəblərinə də toxunub. Onun sözlərinə görə, bu məsələdə məsuliyyəti yalnız sosial medianın üzərinə qoymaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşların hüquqları və toplanan məlumatların hansı məqsədlə istifadə ediləcəyi vaxtında izah edilmədikdə yaranan informasiya boşluğunu şayiələr doldurur.
Z.Oruc Dövlət Statistika Komitəsini və aidiyyəti qurumları əhalini məlumatlandırmağa çağırıb. O bildirib ki, bununla dövlət büdcəsi layihəsinə qarşı aparılan əks-təbliğatın qarşısını almaq mümkündür.
Deputat daha sonra büdcənin iqtisadi göstəricilərinə toxunub. O qeyd edib ki, maliyyə naziri Sahil Babayevin təqdim etdiyi ortamüddətli hədəflərə əsasən, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizi qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. 2030-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfi də xüsusi diqqətə və təqdirə layiqdir.
Z.Oruc xatırladıb ki, Prezident İlham Əliyev hələ 2015-ci ildə neft və qazdan asılı olmayan iqtisadiyyatın qurulmasını strateji vəzifə kimi müəyyənləşdirib.
“Biz neftin rolunu azaltmaq istəyiriksə, fərqli sektorlarda daha çox məhsul, xidmət və əlavə dəyər yaratmalıyıq”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, dövlət büdcəsinin gəlirləri 1,7 faiz artdığı halda, vergi daxilolmalarının 6,5 faiz, yaxud 1 milyard 395 milyon manat artırılaraq 22 milyard 786 milyon manata çatdırılması nəzərdə tutulur. Vergilərin büdcə gəlirlərində payı 2025-ci ildəki 52,2 faizdən 2027-ci ildə 58 faizə yüksələcək.
O qeyd edib ki, bu artımın arxasında iqtisadi genişlənmənin, yeni istehsal sahələrinin və iş yerlərinin açılmasının, yoxsa mövcud sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin dəyişməsinin dayandığını açıqlamaq məqsədəuyğun olardı.
Z.Oruc vergi borclarının artmasını ciddi siqnallardan biri kimi qiymətləndirib. Hesablama Palatasının məlumatlarına istinad edən deputat bildirib ki, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ay ərzində artım 939,3 milyon manat və ya 28,4 faiz təşkil edib.
O vurğulayıb ki, bir tərəfdən növbəti il daha çox vergi toplamaq planlaşdırılır, digər tərəfdən isə mövcud öhdəliklər üzrə borclar sürətlə artır. Deputat hökumətin bu problemin həlli ilə bağlı mövqeyinin büdcə müzakirələrində açıqlanmasının vacibliyini qeyd edib.
Z.Oruc bildirib ki, vergi borcları yalnız özəl sektorda deyil, dövlət sektorunda da artır. Onun sözlərinə görə, dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. Neft-qaz sektoru üzrə 505,1 milyon manat, qeyri-neft sektorunda isə dövlət mülkiyyətində olan ödəyicilər üzrə 225,5 milyon manat borc yaranıb.
Deputat qeyd edib ki, təkcə “Azərsu” ASC üzrə 23,3 milyon manat, büdcə təşkilatları üzrə isə 19,9 milyon manat borc göstərilir. Xüsusi mülkiyyətə mənsub ödəyicilərin borcu isə 3 milyard 234,9 milyon manat təşkil edir.
“Hökumət özəl sahibkardan vergisini vaxtında tələb edirsə, dövlətə məxsus müəssisələrin borcunun yaranmasına və böyüməsinə də eyni prinsiplərlə yanaşılması vacibdir”, – deyə o vurğulayıb.
Deputat 2027-ci ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşlarının icrası ilə bağlı vəziyyətə də diqqət çəkib. Hesablama Palatasının təhlilinə istinadən bildirib ki, 2025-ci ildə xərclər nəzərdə tutulandan 2 milyard 803 milyon manat az icra olunub. 2026-cı ildə isə 800 milyon manatdan artıq vəsaitin icrasız qalacağı gözlənilir.
O qeyd edib ki, gecikən layihələr məktəb, yol, su və enerji infrastrukturu ilə bağlıdır. 2026-cı ilin ilk doqquz ayında 26 sifarişçi təşkilatın 76 investisiya layihəsi üçün nəzərdə tutulan 295,3 milyon manat vəsait üzrə ümumiyyətlə ödəniş aparılmayıb.
Z.Oruc bildirib ki, hər bir gecikmənin səbəbi, icra qrafiki və məsul qurumları olduğu halda, bu problemin növbəti ilin büdcəsində necə həll ediləcəyi mühüm məsələdir.
Deputat səhiyyə sistemində son aylarda qəbul edilmiş qərarların da büdcə və idarəçilik baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həkimlərin maddi rifahının yaxşılaşdırılması və əməyinin yüksək qiymətləndirilməsi nəticəsində 72 mindən artıq tibb işçisinin sosial vəziyyəti yaxşılaşdırılıb.
Z.Oruc qeyd edib ki, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə qaytarılıb. Eyni zamanda, hələ mart ayında icbari tibbi sığortanın idarə olunması sahəsində də struktur dəyişiklikləri aparılıb.
Onun sözlərinə görə, beləliklə, 2018-ci ildən formalaşdırılan və üç yerə bölünən səhiyyə sisteminin vahid idarəçiliyinə təxminən səkkiz ildən sonra yenidən qayıdılır. Deputat bununla yanaşı, vaxtilə səhiyyənin maliyyələşdirilməsi ilə tibbi xidmətlərin təşkilinin ayrılmasının hansı məqsədlərlə əsaslandırıldığının, ötən dövrdə müəyyən edilmiş hədəflərdən neçəsinə nail olunduğunun və idarəetmənin yenidən birləşdirilməsinin tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcəyinin qiymətləndirilməsini vacib sayıb.
Z.Oruc xəstələrin müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklərin də diqqət tələb etdiyini bildirib. Qaydalara əsasən, sığorta çərçivəsində tələb olunan xidmət dövlət tibb müəssisəsində göstərilə bilmədikdə özəl xəstəxanaya göndəriş verilə bilər.
Deputatın sözlərinə görə, müraciətlərdə növbələrdən, göndərişlərin gecikməsindən və təkrar müayinələrdən şikayətlər yer alır. O vurğulayıb ki, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi mümkün olmasa da, dövlət müəssisəsində avadanlıq işləmədikdə, mütəxəssis olmadıqda və ya gözləmə xəstənin sağlamlığı üçün risk yaratdıqda alternativ həll yolları tapılmalıdır. Göndərişdən imtina və gecikmələrin səbəblərinin xəstələrə bildirilməsi də vacibdir.
Deputat regional iqtisadi proseslərdən faydalanmaq imkanlarına da toxunub. O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi beynəlxalq ticarət marşrutlarını, ticarət zəncirlərini və regional iqtisadi əlaqələri ciddi şəkildə dəyişib.
Z.Orucun sözlərinə görə, Ermənistan Rusiyadan gələn kapital, miqrasiya və reeksport əməliyyatları hesabına müəyyən iqtisadi üstünlüklər əldə edib və bu istiqamətdə təxminən 79 faizlik artım qeydə alınıb.
O bildirib ki, Azərbaycan daha böyük tranzit, enerji, nəqliyyat və ticarət potensialını qeyri-neft istehsalına və davamlı büdcə gəlirlərinə çevirə bilər. Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə nominal ÜDM qiymətləndirmələrinə əsasən, Azərbaycan Cənubi Qafqazın üç ölkəsinin birgə iqtisadiyyatının təxminən 54 faizini təşkil edir.
Deputat hesab edir ki, bu üstünlük ölkəyə daha yüksək əlavə dəyər yaradan sənaye və logistika imkanları verir.
“Əgər dövlətin qeyri-neft gəlirlərini artırmaq istəyiriksə, ölkəmizdə daha çox gəlir yaradan müəssisələrin fəaliyyət göstərməsinə şərait yaratmalıyıq”, – deyə Z.Oruc vurğulayıb.
O, kəndlərin gələcəyi ilə bağlı məsələlərin də büdcə müzakirələrində ayrıca diqqətə alınmasını vacib sayıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda 4 244 kənd yaşayış məntəqəsi var və onlardan 100-də əhalinin sayı 5 min nəfərdən çoxdur.
Deputat bildirib ki, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Quba, Şahbuz və digər dağlıq, sərhədyanı rayonlarda əhalinin azalması məktəb, tibb məntəqəsi, poçt və bank xidmətlərinin saxlanmasını çətinləşdirir.
Onun sözlərinə görə, əvvəlcə uşaqların sayı azalır, sonra məktəbin fəaliyyətini davam etdirməsi iqtisadi baxımdan sərfəli hesab olunmur, müəllim və həkimlər də başqa yaşayış məntəqələrinə üz tuturlar. Nəticədə ailələrin kənddə qalması üçün zəruri şərait daha da zəifləyir.
Z.Oruc nümunə kimi 2026–2027-ci tədris ilində Gədəbəydə üç məktəbin ləğvi barədə qərar verilməsini göstərib. O, kənd tibb məntəqələrinin sayının da azaldığını bildirib. Belə ki, ölkədə kənd tibb məntəqələrinin sayı 2024-cü ildəki 1 603-dən 2025-ci ildə 1 512-yə düşüb. Halbuki həmin dövrdə bu məntəqələrə müraciətlərin sayı 1 milyon 263 mindən 1 milyon 414 minə yüksəlib.
Deputatın fikrincə, dövlət xidmətlərinin taleyini yalnız rentabellik prinsipi ilə müəyyənləşdirmək düzgün deyil. Əks halda, bir müddətdən sonra həmin xidmətlərə ehtiyacı olan insanların da kəndlərdən köçməsi ilə üzləşmək mümkündür.
Z.Oruc dağlıq rayonlarda yaşayışa təsir edən mühüm məsələlərdən birinin kommunal tariflər olduğunu da qeyd edib. O bildirib ki, Bakı və Abşeronun hava şəraiti Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlənir. Bəzi yaşayış məntəqələrində ailələr evlərini yeddi-səkkiz ay qızdırmalı olurlar.
Deputatın sözlərinə görə, buna baxmayaraq, ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcuddur. Eyni istehlak şərtlərinin müxtəlif iqlim şəraitində yaşayan ailələrə tətbiqi ağır nəticələr doğura bilər.
O vurğulayıb ki, təklif bütün ölkədə kommunal tariflərin birdən-birə dəyişdirilməsi deyil. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmanın tətbiqindən gedir.
Z.Oruc belə ərazilərdə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğvini, ödənişlərdə güzəştli tariflərin tətbiqini təklif edib. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla əlavə ödəniş əmsallarının müəyyən edilməsini məqsədəuyğun hesab edib.
Deputat sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üzrə dövlət proqramının qəbulunun da vacibliyini vurğulayıb. Onun fikrincə, belə proqram Prezidentin də narahatlıqla qeyd etdiyi paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər.
Çıxışının sonunda Z.Oruc Azərbaycanın işğala son qoymaq və Böyük Qayıdışı həyata keçirmək gücündə olan qalib dövlətə çevrildiyini xatırladıb.
“Bir vaxtlar Qarabağ boyda dərdimiz var deyirdik. İndi isə işğala son qoymağa gücü və iradəsi çatan, Böyük Qayıdışı həyata keçirən qalib dövlətin sosial rifaha, bölgələrin inkişafına və iqtisadi tərəqqiyə nail olmaq üçün böyük hədəfləri var”, – deyə deputat bildirib.
O, 2027-ci ilin dövlət büdcəsinin Qələbənin möhkəmləndirilməsinə, xalqın istək və arzularının həyata keçirilməsinə imkan verəcəyinə inandığını ifadə edib.
