Bakı.Trend:
Demensiyadan əziyyət çəkən amerikalı aktyor Brüs Uillisun ailəsi onun müalicəsinə ayda 30 min dollardan çox vəsait xərcləyir.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Məğlubedilməz” saqasının ulduzunun həyat yoldaşı Emma Heminq aktyorun səhhətinə nəzarət etməklə yanaşı, 250 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin idarə olunması ilə də məşğuldur.
Yaxınlarının sözlərinə görə, aktyor əvvəlki ilə müqayisədə xeyli sakitləşib və bəzən əşyalara maraqla baxan uşaq təsiri bağışlayır. Bununla belə, zahirən o, hələ də sağlam, orta yaşlı kişi kimi görünür.
Aktyora Heminq ailəsi, eləcə də keçmiş həyat yoldaşı Demi Mur və övladları dəstək göstərirlər. Lakin yaxınlarının etirafına görə, Hollivuddakı dostlarının sayı xeyli azalıb.
“İşləməyi dayandıran kimi bütün bu dəbdəbəli həyat tərzi sürən dostların səni unudur. Bu şəhərdə birinci dərəcəli ulduzlar artıq ‘Brüs… kim?’ deyə soruşurlar”, – deyə mənbə bildirib.
Mənbənin açıqlamasına görə, hazırda Brüs Uillis sadə anlardan – dondurma yeməkdən, avtomobillə gəzintilərdən və sevimli musiqisini dinləməkdən səmimi zövq alır. Aktyorda vaxtilə teatrın köməyi ilə aradan qaldıra bildiyi kəkələmə problemi də yenidən yaranıb.
