Soyutma sistemlərinə kiberhücumlar: Azərbaycandakı müəssisələr necə qorunmalıdır?

Cəmiyyət Rəy 10 Noyabr 2026 14:20 (UTC +04:00)
Soyutma sistemlərinə kiberhücumlar: Azərbaycandakı müəssisələr necə qorunmalıdır?
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Soyutma avadanlıqlarının idarəetmə sistemlərinə yönələn kiberhücumlar ərzaq təhlükəsizliyi və tibbi məhsulların saxlanması üçün ciddi risklər yaradır. Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumata görə, son həftələrdə Avropanın bir sıra ölkələrində qeydə alınan belə müdaxilələr nəticəsində avadanlıqların temperatur rejimi dəyişdirilib, saxlanılan məhsullar yararsız hala düşüb.

Bu hücumlar Azərbaycandakı müəssisələr üçün hansı təhlükələri yaradır? İnternetə qoşulmuş soyutma sistemlərinin zəif nöqtələri hansılardır və mümkün müdaxilələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Cəfər Nəcəfov Trend-ə açıqlamasında bildirib ki, sözügedən kiberhücumlar məişətdə istifadə olunan adi soyuduculara deyil, böyük supermarketlərin, anbarların və xəstəxanaların soyutma sistemlərinə yönəlib.

Onun sözlərinə görə, bu sistemlərdə temperaturun izlənməsi, avadanlıqların tənzimlənməsi və mümkün problemlərə uzaqdan müdaxilə edilməsi üçün internetə qoşulan xüsusi idarəetmə platformalarından istifadə olunur.

“Xakerlər həmin sistemlərin idarəetmə panelinə icazəsiz giriş əldə edərək temperaturu və digər parametrləri dəyişirlər. Nəticədə saxlanılan məhsullar xarab olur. Xəstəxanalarda, xüsusilə qan banklarında isə müəyyən temperaturda saxlanılmalı olan qan ehtiyatları yararsız hala düşə bilər”, – mütəxəssis qeyd edib.

C.Nəcəfov Azərbaycanda belə risklərin qarşısını almaq üçün internetə qoşulan və uzaqdan idarə olunan avadanlıqların təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“İlk növbədə, bu sistemlərin standart şifrələri dəyişdirilməli, proqram təminatı mütəmadi yenilənməlidir. İkimərhələli autentifikasiya kimi əlavə təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır. İdarəetmə sistemlərinə giriş yalnız müəyyən IP ünvanlarından və xüsusi icazəsi olan şəxslər üçün mümkün olmalıdır ki, kənar şəxslər parametrləri dəyişə bilməsinlər”, – o bildirib.

Mütəxəssis əlavə edib ki, internetə qoşulan kameralar və digər avadanlıqlar da kiberhücumların hədəfinə çevrilə bilər. Buna görə də uzaqdan idarəetmə imkanları olan bütün cihazlarda təhlükəsizlik tədbirlərinə diqqət yetirilməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti