Türkiyə ilin sonunadək İraqdan qoşunlarını çıxaracaq

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 01:59 (UTC +04:00)
Türkiyə ilin sonunadək İraqdan qoşunlarını çıxaracaq

Bakı. Trend:

Türkiyə 2026-cı ilin noyabrında İraqın Başika bölgəsində yerləşən Zilkan hərbi bazasından qoşunlarının mərhələli şəkildə çıxarılmasına başlayıb və bu prosesi ilin sonunadək yekunlaşdırmağı planlaşdırır.

Bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Sabah ən-Numan "Iraqi News Agency"yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin ərazini tərk etməsindən sonra hərbi baza 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə keçəcək.

Nümayəndə qeyd edib ki, İraq-Türkiyə Birgə Təhlükəsizlik Komitəsi hərbi obyektin təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətə başlayıb. Əldə olunan razılaşmalar Türkiyə qoşunlarının mərhələli şəkildə çıxarılmasını, İraq dövlətinin Sincar üzərində nəzarətinin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və iqtisadi əlaqələrin inkişafını əhatə edir.

Sabah ən-Numan bildirib ki, Sincarda təhlükəsizlik sahəsində əldə olunan müsbət nəticələr Ankara ilə razılaşmaların praktiki icrasına keçməyə şərait yaradıb. Onun sözlərinə görə, İraq ordusu bölgənin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb, silahlı birləşmələrin isə dövlətin təhlükəsizlik strukturlarına inteqrasiyası prosesinə başlanılıb.

Qeyd edək ki, Zilkan hərbi bazası 2015-ci ildə Türkiyə ilə İraq Kürdüstanının regional hökuməti arasında əldə olunan razılaşma əsasında İŞİD terror təşkilatına qarşı mübarizə aparan yerli qüvvələrin hazırlanması məqsədilə yaradılıb. Türkiyə 2026-cı ilin sentyabrında İraq ərazisindəki hərbi kontingentini çıxarmaq niyyətində olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti