Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft yataqlarından hasil edilən səmt qazının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 11 milyard 675,95 milyon kubmetr təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 217,88 milyon kubmetr səmt qazı hasil edilmişdi. Beləliklə, cari ilin doqquz ayında hasilat 458,07 milyon kubmetr artıb.
Hesabat dövründə hasil edilən səmt qazının 3 milyard 183,12 milyon kubmetri əmtəəlik məhsul kimi qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövründəki 2 milyard 952,05 milyon kubmetrlə müqayisədə 7,8% çoxdur.
Beləliklə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda səmt qazının həm ümumi hasilatında, həm də əmtəəlik istehsalında artım qeydə alınıb.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 37,9 milyard kubmetr qaz hasil edilib. Bunun 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,6 milyard kubmetri “Şahdəniz”, 1,2 milyard kubmetri “Abşeron” yataqlarının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, bu ilin ilk 9 ayı ərzində Azərbaycandan 18,4 milyard kubmetr qaz ixrac olunub. Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, o cümlədən 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya göndərilib.
Eyni zamanda bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,449 milyard dollar dəyərində 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 250 milyon dollar və ya 3,7 faiz, həcm ifadəsində isə 534 milyon kubmetr və ya 2,9 faiz azdır.
