Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda deyilir:
"8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və qazanılan tarixi zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təntənəsinə çevrilmişdir. Bu möhtəşəm qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun ən mühüm mərhələsi olmuşdur.
Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir. Bu gün Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi naminə səylərini qətiyyətlə davam etdirir.
Bu müqəddəs gün münasibətlə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına göstərdikləri fədakarlığa görə minnətdarlığımızı bildiririk.
Qəhrəmanlarımızın əzmi və şücaəti xalqımızın yaddaşında daim yaşayacaq, zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır.
Zəfər Günümüz mübarək olsun!".
