Bakı. Trend:
Elmi tədqiqatların kommersiyalaşdırılması üçün onların bazar potensialı olmalı və bu istiqamətə maliyyə ayrılmalıdır.
Trend-in müxbiri xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov cümə günü “SABAH.city”də “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Elmi islahatlar və innovasiya” mövzusunda təlim-müzakirə sessiyasında deyib.
O bildirib ki, son beş ildə çox sayda patent alınıb. Bununla belə, tədqiqat nəticələrinin kommersiyalaşdırılması üçün güclü investisiyaya ehtiyac var.
İ.İbrahimovun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) bu istiqamətdə yeni qanunvericilik mexanizmi ilə bağlı işi startaplara ayrılan vəsaitin birbaşa layihə sahibinə verilməsinə imkan yaradacaq.
“Biz də İRİA ilə əməkdaşlıq etməyə çalışırıq ki, tədqiqatları onlara yönəldək və maliyyə ayrılsın”, – deyə o qeyd edib.
Şöbə müdiri elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində fəaliyyətin vahid istiqamətdə aparılmasının faydalı olacağını vurğulayıb.
