Bakı.Trend:
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan keçmiş deputatı, Konstitusiya Məhkəməsinin hakimi Vladimir Vardanyan ikinci tur səsverməsinin nəticələrinə əsasən ölkənin ali məhkəmə orqanının sədri seçilib.
TASS-ın məlumatına görə, bu barədə hakim Edqar Şatiryan jurnalistlərə məlumat verib.
“Seçkilər başa çatıb. Məhkəmə öz sədrini seçib. Bu, mən deyiləm”, – deyə hakim İrəvanda Konstitusiya Məhkəməsinin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib. O, məhkəmə sədri vəzifəsi uğrunda özünün və Vladimir Vardanyanın mübarizə apardığını qeyd edib. Şatiryan əlavə edib ki, yeni sədr Konstitusiya Məhkəməsi hakimlərinin tələb olunan sayda səsini toplayıb.
Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə keçirilən ilk turda hakimlər tərəfindən namizədliyi irəli sürülmüş Şatiryan və öz namizədliyini irəli sürmüş Vladimir Vardanyan mübarizə aparıblar. İlk turda Şatiryan tələb olunan altı səsdən beşini, Vardanyan isə dörd səs toplayıb. İkinci turda seçilmək üçün Ermənistan Konstitusiya Məhkəməsinin beş hakiminin dəstəyini qazanmaq tələb olunurdu.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsinə Arman Dilanyan rəhbərlik edib. Onun məhkəmə sədri vəzifəsində altıillik səlahiyyət müddəti oktyabrın 12-də başa çatıb.
