BFB-də əməliyyatların dəyəri 32% azalıb, sayı isə 2 dəfədən çox artıb

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 16:16 (UTC +04:00)
BFB-də əməliyyatların dəyəri 32% azalıb, sayı isə 2 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 37 milyard 140,4 milyon manat təşkil edib.

Trend-in BFB-nin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 milyard 480 milyon manat və ya 32% azdır.

Eyni zamanda, hesabat dövründə birjada bağlanmış əqdlərin sayı 52 540 olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 501 vahid və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə BFB-də əməliyyatların ümumi dövriyyəsinin əsas hissəsi repo əməliyyatlarının payına düşüb. Belə ki, bu əməliyyatlar üzrə bağlanmış əqdlərin dəyəri 28 milyard 667,3 milyon manat, sayı isə 4 956 olub. Repo əməliyyatlarının həcmi illik müqayisədə 14 milyard 988 milyon manat və ya 34,3% azalıb.

Repo əməliyyatlarının ümumi dövriyyədəki payı təxminən 77,2% təşkil edib. Bu əməliyyatlar üzrə orta gündəlik dövriyyə 143,3 milyon manat, orta gündəlik əqd sayı isə 24,78 olub.

Dövlət qiymətli kağızları bazarında yanvar-oktyabr aylarında 2 milyard 96,9 milyon manat dəyərində 328 əqd bağlanıb. Bunun 1 milyard 495,8 milyon manatı ilkin, 601,1 milyon manatı isə təkrar bazarın payına düşüb. Dövlət qiymətli kağızları üzrə orta gündəlik əməliyyat həcmi 10,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) notları ilə bağlı əməliyyatların ümumi dəyəri 3 milyard 379,1 milyon manat, sayı isə 439 olub. Bu əməliyyatların 3 milyard 378,1 milyon manatı ilkin bazarın, 990,6 min manatı isə təkrar bazarın payına düşüb.

Korporativ qiymətli kağızlar bazarında isə ümumilikdə 2 milyard 88,8 milyon manat dəyərində 46 752 əqd qeydə alınıb. Bunun 343,4 milyon manatı ilkin, 1 milyard 745,3 milyon manatı isə təkrar bazarın payına düşüb.

Korporativ qiymətli kağızların ilkin bazarında 53,9 milyon manatlıq səhm və 289,5 milyon manatlıq istiqraz əməliyyatları aparılıb. Təkrar bazarda isə səhmlər üzrə 1 milyard 409,9 milyon manat, istiqrazlar üzrə 335,4 milyon manatlıq əqd bağlanıb.

İpoteka istiqrazları bazarında əməliyyatların ümumi həcmi 908,4 milyon manat təşkil edib. Bu göstəricinin 450 milyon manatı ilkin, 458,4 milyon manatı isə təkrar bazarın payına düşüb. Hesabat dövründə bu istiqrazlarla bağlı ümumilikdə 65 əqd bağlanıb.

Ümumilikdə, yanvar-oktyabr aylarında BFB-də ilkin bazar üzrə əməliyyatların həcmi 5 milyard 667,4 milyon manat, təkrar bazar üzrə isə 2 milyard 805,7 milyon manat olub. İlkin bazarda 27 306, təkrar bazarda isə 20 278 əqd qeydə alınıb.

Beləliklə, hesabat dövründə birjada orta gündəlik əməliyyat dövriyyəsi 185,7 milyon manat, orta gündəlik əqd sayı isə 262,7 təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti