Bakı. Trend:
Azərbaycanda 2027–2030-cu illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik real artımının 3,3 faiz, qeyri-neft-qaz ÜDM-inin isə 4,4 faiz olacağı proqnozlaşdırılır. Bu dövrdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin qeyri-neft-qaz sektoru olacağı gözlənilir.
Bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində bildirilib.
Sənədə əsasən, makroiqtisadi proqnozlar hazırlanarkən ölkə iqtisadiyyatının inkişaf dinamikası, qlobal iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, qüvvədə olan sahəvi strateji sənədlər, ortamüddətli inkişaf hədəfləri, islahatlar və büdcə siyasətinin parametrləri nəzərə alınıb.
Növbəti strateji dövr üçün əsas çərçivəni isə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair II Dövlət Proqramı" müəyyən edəcək.
ÜDM-in artımı əsasən qeyri-neft sektorunun hesabına təmin ediləcək
Layihədəki proqnozlara görə, Azərbaycanın nominal ÜDM-i 2027-ci ildə 141 milyard manat təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 126,5 milyard manat, 2025-ci ildə 129,1 milyard manat, 2026-cı ildə isə 138 milyard manat səviyyəsində gözlənilir.
2027-ci ildə ÜDM-in real artımının 2,7 faiz olacağı proqnozlaşdırılır. 2027–2030-cu illərdə isə orta illik real artımın 3,3 faizə çatacağı gözlənilir.
Bu dövrdə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun daha da güclənəcəyi proqnozlaşdırılır. Belə ki, qeyri-neft-qaz ÜDM-inin 2027-ci ildə 109,1 milyard manat olacağı, real artım tempinin isə 4,4 faiz təşkil edəcəyi gözlənilir. 2027–2030-cu illər üzrə bu sektorun orta illik real artımı da 4,4 faiz səviyyəsində proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, qeyri-neft-qaz ÜDM-i 2024-cü ildə 86,2 milyard manat, 2025-ci ildə 92,3 milyard manat, 2026-cı ildə isə 100 milyard manat səviyyəsində gözlənilir.
Neft-qaz sektorunda azalma davam edəcək
Neft-qaz sektorunda isə hasilat göstəricilərinin təsiri ilə növbəti illərdə azalma meylinin davam edəcəyi gözlənilir.
Belə ki, sektorun ÜDM-dəki həcminin 2027-ci ildə 31,9 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin gözlənilən 38 milyard manatlıq göstəricisindən aşağıdır. Neft-qaz sektorunda real artımın 2027-ci ildə 1,8 faiz azalacağı, 2027–2030-cu illərdə isə orta hesabla illik 0,4 faiz mənfi dinamika nümayiş etdirəcəyi bildirilir.
Sənəddə qeyd olunur ki, son illərdə neft hasilatının azalması sektorun artım tempinə mənfi təsir göstərib. Neft və qaz hasilatı üzrə proqnozlar aidiyyəti təşkilatların məlumatları əsasında hazırlanıb.
Hasilat göstəricilərinə əsasən, neft-qaz sektorunun 2027-ci ildə 1,8 faiz azalacağı, 2028–2030-cu illərdə isə neft hasilatının sabitləşməsi fonunda orta hesabla 0,1 faiz artacağı gözlənilir.
Neft və qaz hasilatı üzrə proqnozlar
Büdcə zərfinin layihəsində yer alan göstəricilərə əsasən, Azərbaycanda neft hasilatının 2024-cü ildəki 29,1 milyon tondan 2027-ci ildə 26,6 milyon tona qədər azalacağı proqnozlaşdırılır. 2028-ci ildə 26,1 milyon ton, 2029-cu ildə 26,6 milyon ton, 2030-cu ildə isə 26,3 milyon ton neft hasilatı gözlənilir.
Təbii qaz hasilatının isə 2024-cü ildəki 38,6 milyard kubmetrdən 2025-ci ildə 38,9 milyard kubmetrə yüksəldiyi, 2026-cı ildə 37,8 milyard kubmetr, 2027-ci ildə isə 35,6 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.
2028-ci ildə qaz hasilatının 33,2 milyard kubmetrə qədər azalacağı, sonrakı illərdə isə artaraq 2029-cu ildə 35,3 milyard kubmetr, 2030-cu ildə 36,6 milyard kubmetr olacağı gözlənilir.
Qeyri-neft-qaz sektorunun inkişafını hansı amillər sürətləndirəcək?
Layihədə bildirilir ki, geosiyasi və geoiqtisadi gərginliklərin davam etməsi, dünya iqtisadiyyatında qeyri-müəyyənlik və risklərin qalmasına baxmayaraq, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında, o cümlədən qeyri-neft-qaz sektorunda müsbət dinamika müşahidə edilib.
Qeyd olunur ki, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi, qeyri-neft-qaz məhsullarının ixracında daşıma xərclərinin dəstəklənməsi, ixrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası, eləcə də sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma ödənişlərinin subsidiyalaşdırılması ortamüddətli dövrdə sektorun inkişafına töhfə verəcək.
Bununla yanaşı, qeyri-neft-qaz sektorunda davamlı iqtisadi artımın təmin olunması üçün bir sıra istiqamətlər prioritet hesab edilir.
Bunlara iqtisadiyyatın və ixracın şaxələndirilməsinin sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, maliyyə sektorunun iqtisadi fəallıqda rolunun gücləndirilməsi, özəl investisiyaların təşviqi və qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi daxildir.
Eyni zamanda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi, dövlətə məxsus hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması, dövlət aktivlərinin daha effektiv idarə olunması və onların mərhələli şəkildə özəl sektorun idarəetməsinə və mülkiyyətinə verilməsi də əsas hədəflər sırasındadır.
Digər mühüm istiqamətlər arasında süni intellekt və innovasiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnologiyalar hesabına sənaye, kənd təsərrüfatı və xidmət sahələrində məhsuldarlığın yüksəldilməsi, bərpa olunan enerji istehsalının artırılması və enerji transformasiyasının dərinləşdirilməsi yer alır.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və Orta Dəhlizin yaratdığı imkanlardan səmərəli istifadə də iqtisadi artımı dəstəkləyən amillər kimi göstərilir.
Layihəyə əsasən, ortamüddətli dövrdə qeyri-neft-qaz sektorunda nəzərdə tutulan artım əsasən qeyri-neft-qaz sənayesi, tikinti, turizm, ticarət və nəqliyyat sahələrinin dinamik inkişafı hesabına formalaşacaq.
