Neftin qiyməti 65 dollara düşsə belə, Dövlət Neft Fondunun aktivləri qoruna bilər

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 15:18 (UTC +04:00)
Neftin qiyməti 65 dollara düşsə belə, Dövlət Neft Fondunun aktivləri qoruna bilər
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin baza ssenari üzrə 78,3 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Neftin qiymətinin baza proqnozundan fərqli istiqamətlərdə dəyişməsi halında isə Fondun aktivlərinin 70,3-86,3 milyard dollar intervalında formalaşacağı gözlənilir.

Bu barədə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihəsində bildirilib.

Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ölkənin ixracında əhəmiyyətli paya malik olması xam neftin qiymətində və hasilat həcmində baş verən dəyişikliklərin fiskal və makroiqtisadi göstəricilərə təsirini artırır. Neftin qiymətinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi neft-qaz gəlirlərinin azalmasına, nəticədə icmal büdcənin fiskal balansının zəifləməsinə və Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb ola bilər.

Bu səbəbdən qlobal enerji bazarındakı qiymət dəyişkənliyinin, hasilat perspektivlərinin və geosiyasi proseslərin ölkənin fiskal göstəricilərinə potensial təsirləri müxtəlif ssenarilər üzrə qiymətləndirilib.

Neft qiymətləri üzrə risk ssenariləri baza proqnozundan hər iki istiqamətdə 10, 15 və 20 dollar kənarlaşma əsasında hazırlanıb. Təhlildə baza ssenarisi ilə yanaşı, neftin qiymətinin daha yüksək və ya aşağı olması ehtimalları da nəzərə alınıb. Bu məqsədlə əvvəlki illərdə proqnoz göstəricilərinin faktiki nəticələrdən kənarlaşma xüsusiyyətlərindən istifadə edilib.

ARDNF-in aktivləri 2030-cu ildə 78,3 milyard dollara çata bilər

Təqdim olunan proqnozlara əsasən, ARDNF-in aktivləri 2022-ci ildə təxminən 49 milyard dollar, 2023-cü ildə 56 milyard dollar, 2024-cü ildə 60 milyard dollar, 2025-ci ildə isə 74 milyard dollar səviyyəsində olub. 2026-cı il üzrə göstərici də təxminən 74-75 milyard dollar ətrafında formalaşır.

Baza ssenariyə əsasən, 2030-cu ildə Fondun aktivlərinin 78,3 milyard dollara yüksələcəyi gözlənilir. Bununla belə, neft qiymətlərində mümkün dəyişikliklərdən asılı olaraq, həmin il aktivlərin həcminin baza göstəricisindən təxminən 8 milyard dollar aşağı və ya yuxarı olması ehtimalı mövcuddur.

Sənəddə vurğulanır ki, ortamüddətli dövrdə dövlət büdcəsinə transfertlərin azaldılması hesabına neftin əlverişsiz qiymət ssenarilərində belə Dövlət Neft Fondunun aktivlərinin qorunması mümkün olacaq.

Neftin fiskal itkisiz qiymətinin 65 dollara enəcəyi gözlənilir

Büdcə layihəsində diqqət çəkən digər məqamlardan biri Azərbaycanın neft üzrə fiskal itkisiz qiymətinin azalması ilə bağlı proqnozdur.

Belə ki, 2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı gözlənilir. Bu, hazırda əsas götürülən 85 dollar göstəricisindən 20 dollar aşağıdır.

Sənəddə bildirilir ki, neft qiymətləri ilə bağlı proqnozlarda dəyişkənlik yüksək olsa da, ortamüddətli dövrdə qiymətlərin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir.

İcmal büdcənin ÜDM-ə nisbətində kəsir davam edə bilər

Neft qiymətlərindəki dəyişikliklərin digər mühüm təsir istiqaməti icmal büdcənin balansıdır.

Əks olunan məlumatlara əsasən, icmal büdcə balansının ÜDM-ə nisbəti 2022-ci ildə 6 faiz, 2023-cü ildə 8 faiz, 2024-cü ildə 4 faiz, 2025-ci ildə isə təxminən 2,5 faiz profisit təşkil edib. 2026-cı ildə isə bu göstəricinin mənfi zonaya keçərək təxminən 2 faiz kəsirə bərabər olacağı proqnozlaşdırılır.

2027-2030-cu illər üzrə ssenari təhlili neftin qiymətindəki dəyişikliklərin icmal büdcə balansına təsirinin davam edəcəyini göstərir.

Belə ki, 2030-cu ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin baza ssenari üzrə mənfi 0,3 faiz olacağı gözlənilir. Neftin qiymətinin baza proqnozundan fərqli istiqamətlərdə dəyişməsi halında isə bu göstəricinin baza ssenarisindən təxminən 1,2-2,4 faiz bəndi intervalında kənarlaşacağı proqnozlaşdırılır.

Beləliklə, büdcə layihəsində təqdim olunan ssenari təhlili göstərir ki, neft qiymətlərində mümkün enişlər Azərbaycanın fiskal göstəricilərinə təsir etsə də, ortamüddətli dövrdə transfert siyasətinin tənzimlənməsi və Dövlət Neft Fondunun aktivlərinin qorunması hesabına bu risklərin yumşaldılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti