Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında bp və onun layihə üzrə tərəfdaşları Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi çərçivəsində fəaliyyətlərə təxminən 2 milyard 2 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 78 milyon dollar əsaslı xərclər çəkilib.
Bu barədə bp-nin hesabatında qeyd olunub.
Beləliklə, əməliyyat xərcləri 2025-ci ilin müvafiq dövründəki 1 milyard 836 milyon dollarla müqayisədə 9 faiz, əsaslı xərclər isə ötən ilin ilk üç rübündəki 756 milyon dollarla müqayisədə 42,6 faiz artıb.
"Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhana (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. ", - bp-dən bildirilib.
Məlumata əsasən, cari ilin doqquz ayı ərzində "Şahdəniz Alfa" (Shah Deniz Alpha) və "Şahdəniz Bravo" (Shah Deniz Bravo) platformalarından ümumilikdə təxminən 20 milyard standart kubmetr qaz və 3 milyon tona yaxın kondensat (təxminən 21 milyon barel) hasil edilib.
Hazırda Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetr təşkil edir.
"Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 29,99 faiz, LUKOIL – 19,99 faiz, TPAO – 19 faiz, Cənub Qaz Dəhlizi QSC (SGC) – 16,02 faiz, NICO – 10 faiz və MVM – 5 faiz.
