Bakı.Trend:
Londondan Varşavaya uçan təyyarə təyinat yerindən fərqli olan hava limanına məcburi eniş edib.
Bu barədə "TVN24" telekanalı məlumat yayıb.
Varşava yaxınlığındakı Modlin hava limanı Londondan gələn təyyarənin enişindən sonra müvəqqəti bağlanıb. Buna səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun ola biləcəyi barədə məlumatın daxil olmasıdır.
Təyyarə yerli vaxtla saat 10:01-də Modlin hava limanına enib. Onun göyərtəsində 181 nəfər olub. İlkin plana əsasən, təyyarə Varşavadakı Frederik Şopen adına hava limanına enməli idi, lakin sonradan Modlinə yönləndirilib.
Hava limanının nümayəndəsi Adam Şablovski bildirib ki, hava limanı müvəqqəti bağlanıb və hakimiyyət orqanları partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərin gəlməsini gözləyir.
Daxil olan təhlükə məlumatı ilə əlaqədar hava limanının inzibati binasında yoxlama aparılır.
KİV-in məlumatına görə, bu, son 24 saat ərzində Londondan uçan təyyarənin göyərtəsində partlayış təhlükəsi barədə məlumat aldığı ikinci hadisədir.
