Bakı. Trend:
Böyük Britaniya hökuməti ölkədə daimi yaşayış icazəsi almaq üçün standart gözləmə müddətini 5 ildən 10 ilə qədər artırmağı planlaşdırır. Dəyişiklik qəbul olunarsa, yüz minlərlə əcnəbinin ölkədə daimi yaşamaq hüququ əldə etməsi çətinləşəcək.
Bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.
Yeni qaydalara əsasən, illik gəliri 50 min funt sterlinqdən (təxminən 114 min manat) az olan miqrantlar daimi yaşayış statusu üçün müraciət etməzdən əvvəl Böyük Britaniyada 10 il yaşamalı olacaqlar. Bununla belə, tələb olunan müddətin tamamlanması daimi yaşayış icazəsinin avtomatik veriləcəyi anlamına gəlmir.
Yüksək gəlirli mütəxəssislər üçün isə istisnalar nəzərdə tutulur. Belə ki, illik gəliri 50 min funt sterlinqdən çox olan şəxslər 5 ildən, gəliri 125 min funt sterlinqi (təxminən 285,1 min manat) aşanlar isə 3 ildən sonra müraciət edə biləcəklər.
Həkimlər, tibb bacıları, müəllimlər və sosial qayğı sahəsində çalışan bəzi əməkdaşlar üçün də güzəştlərin saxlanılması planlaşdırılır. Müəyyən şərtləri yerinə yetirən şəxslər sürətləndirilmiş prosedurla daimi yaşayış icazəsi ala biləcəklər.
Qanunsuz yollarla ölkəyə gəlmiş bəzi miqrant kateqoriyaları üçün gözləmə müddəti 20-30 ilədək uzadıla bilər. Bu müddət onların hansı şərtlərlə yeni hüquqi status əldə etməsindən asılı olacaq.
Bundan əlavə, dövlətin maliyyə yardımından istifadə edən şəxslərə qarşı əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Müraciətlərə baxılarkən namizədlərin əmək fəaliyyəti, gəlirləri, miqrasiya qanunvericiliyinə riayət etmələri və sosial müavinətlərdən asılılıq səviyyəsi nəzərə alınacaq.
