Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens münaqişəyə son qoyulması məqsədilə Vaşinqton və Tehran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini bildirib.
Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə açıqlamasında İran tərəfi ilə bir sıra səmərəli müzakirələr apardıqlarını deyib.
“İran tərəfi ilə bir sıra yaxşı məsləhətləşmələr apardıq. Bunu təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla da müzakirə etdim”, – deyə Vens bildirib.
O əlavə edib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub və tərəflər bundan sonra da daha çox nəticəyə nail olmağa çalışacaqlar.
“Həm prezident, həm də mən danışıqlar yolu ilə həll perspektivlərinə kifayət qədər nikbin yanaşırıq. Bu istiqamətdə işləməyə davam edəcəyik”, – deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü noyabrın 3-də keçiriləcək aralıq konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını bildirib.
O, həmçinin Vaşinqton və Tehranın münaqişəyə son qoymaq barədə razılığa gələ biləcəklərinə əminliyini ifadə edib.
