Bakı. Trend:
İrandan Azərbaycana keçməyə cəhd edən və sərhədçilərə silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hadisə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı sərhəd pozucularının İran İslam Respublikasından Azərbaycan istiqamətinə hərəkətini müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozuntusunun qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Sərhəd pozucularına “Dayan” əmri verilib, onlar təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucularından biri sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.
DSX bildirib ki, həmin şəxsin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.
Hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Faktla bağlı cinayət işi başlanıb. DSX və Hərbi Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
