Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işçi səfəri çərçivəsində İstanbula gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirilib.
Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Prezident Administrasiyasının Dolmabaxça İş Ofisinə gəlib.
Rəsmi mərasimlə qarşılanan Zelenskini Prezident Ərdoğan qəbul edib.
Görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub.
“Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması ilə bağlı fikir mübadiləsi apardıq. Son dövrlərdə gərginliyin artması nəticəsində münaqişənin Qara dənizə yayıldığının şahidi oluruq. Hücumlar kim tərəfindən törədilməsindən və səbəbindən asılı olmayaraq, bunları heç bir halda qəbul etməyimiz mümkün deyil. Qara dənizdə gəmiçilik təhlükəsizliyini yenidən təmin etmək məqsədilə tərəflərlə danışıqlarımızı davam etdirəcəyik.
Müharibədə həlak olanlarla əlaqədar cənab Zelenskiyə və dost Ukrayna xalqına başsağlığı verirəm. Bugünkü görüşümüzdə Ukraynada sülhün təmin olunmasına yönəlmiş son dövrlərdə intensivləşən səyləri və Qara dənizdəki təhlükəsizlik vəziyyətini hərtərəfli müzakirə etdik.
Xüsusilə ABŞ Prezidenti Donald Trampın da səyləri ilə müharibənin diplomatik yollarla başa çatdırılmasına yönəlmiş təşəbbüslərin sürətlənməsindən məmnunluq duyuruq.
Ədalətli sülhün heç kimin məğlubiyyəti olmayacağını deyirik. Sülhə aparan yolu açmaq üçün əlimizdən gələni etməyə hazır olduğumuzu vurğulamaq istəyirəm.
Düşünürəm ki, Ukraynanı tərk etməyən şirkətlərimiz bu ölkənin yenidən qurulmasına mühüm töhfələr verəcəklər", - Ərdoğan deyib və səfərinə görə Zelenskiyə təşəkkür edib.
