Prezident İlham Əliyevin qurduğu təşkilat - Naxçıvandan Qəbələyədək TDT-nin xronikası

Siyasət Təhlil 30 Oktyabr 2026 13:25 (UTC +04:00)
Prezident İlham Əliyevin qurduğu təşkilat - Naxçıvandan Qəbələyədək TDT-nin xronikası
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü keçirilir. Görüşdə Azərbaycan sədrliyi Türkiyəyə təhvil verir. Ölkəmizi tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etməməsi artıq müxtəlif yozumlara səbəb olub və bu şərhlərin heç də hamısı xoşniyyətli deyil. Bu addımı düzgün anlamaq üçün TDT-nin məhz İlham Əliyevin siyasətində hansı yer tutduğunu və onun iştirakı ilə təşkilatın hansı inkişaf yolunu keçdiyini xatırlamaq faydalıdır.

Bu yol 17 il əvvəl Naxçıvandan başlayıb. 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalayıblar. Zirvə görüşünə İlham Əliyev ev sahibliyi edib və onun adı dörd ölkənin daha sonra BMT-yə təqdim etdiyi Naxçıvan Bəyannaməsini imzalayanların siyahısında birinci yerdə olub.

Bəli, türk birliyi ideyası yalnız bir paytaxtda yaranmayıb, lakin məhz Azərbaycan torpağında hüquqi forma alıb. Təşkilatın təsis sənədi bu gün də Naxçıvanın adını daşıyır: 2019-cu ildə Özbəkistan məhz həmin sənədi ratifikasiya edib, təşkilatın adı dəyişdirildikdən sonra da ona müvafiq düzəlişlər edilib.

Azərbaycan Prezidenti hələ ilk illərdən etibarən müzakirələri ortaq köklər mövzusundan praktiki əməkdaşlıq müstəvisinə yönəldirdi. 2013-cü ilin avqustunda Qəbələdə Türk Şurasının üçüncü Zirvə görüşü keçirilərkən İlham Əliyev dillərin qohumluğundan daha çox Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı limanının ötürücülük qabiliyyətinin 20 milyon tona çatdırılmasından danışırdı.

"Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi", - deyə Prezident İlham Əliyev tərəfdaşlarına xatırladırdı. Bu gün Orta Dəhliz adlandırılan layihə hələ 14 il əvvəl Qəbələdə ekspertlər arasında dəbə minməzdən xeyli əvvəl strateji istiqamət kimi səsləndirilirdi.

Altı il sonra Bakı təşkilatın 10 illiyinə həsr olunmuş yubiley Zirvə görüşünə ev sahibliyi etdi və məhz həmin tədbirdə Özbəkistan təşkilatın tamhüquqlu üzvü oldu. O zaman başlayan Azərbaycanın sədrliyi ən çətin illərə - pandemiya və 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdi. Türk Şurası da məhz bu təcrübə ilə 2021-ci ilin noyabrında İstanbula gəldi. Burada təşkilat Türk Dövlətləri Təşkilatına çevrildi və "Türk dünyasına baxış - 2040" sənədi qəbul edildi.

Həmin Zirvə görüşündə İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi türk dünyasının ümumi nailiyyətinə çevrildi və 2024-cü ilin iyulunda liderlər bu dəfə Şuşada bir araya gəldilər. Prezident İlham Əliyevin ev sahibliyi etdiyi qeyri-rəsmi Zirvə görüşü Qarabağ Bəyannaməsinin qəbulu və təşkilatın Katibliyinin gücləndirilməsi barədə qərarla başa çatdı.

Bununla paralel olaraq Bakının irəli sürdüyü gündəlik də dəyişirdi. 2023-cü ildə Astanada Prezident İlham Əliyev müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə çağırdı. 2025-ci ilin oktyabrında isə Qəbələ yenidən Zirvə görüşünə ev sahibliyi etdi. Bu dəfə görüş "Regional sülh və təhlükəsizlik" şüarı altında keçirildi. Prezident İlham Əliyev burada Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməli olduğunu bəyan etdi, 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasını təklif etdi.

Bu təkliflərin arxasında konkret rəqəmlər dayanırdı. Prezident İlham Əliyevin sözlərinə görə, 2022-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 90 faiz artıb, Azərbaycan qardaş ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox investisiya yatırıb, Ələt limanının yeni infrastrukturunun illik ötürücülük qabiliyyəti isə 25 milyon tona çatmalıdır. On iki il əvvəl elə həmin Qəbələdə söhbət köhnə limanın 20 milyon tonluq ötürücülük qabiliyyətindən gedirdi. Mədəniyyət forumundan infrastruktura, infrastrukturdan təhlükəsizliyə: bütün bu mərhələlərdə Bakı sadəcə iştirakçı deyil, gündəliyin formalaşdırılmasında təşəbbüskar tərəf olub.

Məhz buna görə də İlham Əliyevin Ankaraya getməmək qərarını Türk dünyasından uzaqlaşma kimi deyil, bu birliyin hansı prinsiplər əsasında qurulduğunu xatırlatmaq kimi qiymətləndirmək lazımdır. Rəsmi izah sadədir: dövlət başçısının sıx iş qrafiki və Bakıda ilk dəfə keçirilən FIFA U-15 festivalının final mərhələsi. Lakin mövcud siyasi fonu da nəzərə almamaq mümkün deyil. Oktyabr ayında Türkiyənin bir sıra ictimai xadimləri, o cümlədən Türkiyə Prezidentinin müşaviri Azərbaycanın məktəbli forması ilə bağlı daxili qərarına görə ölkə liderinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Nəticədə müşavir vəzifəsini itirib.

İlham Əliyev üçün türk birliyi hər zaman bərabərhüquqlu tərəfdaşların ittifaqı olub. Bu birlikdə böyük və kiçik tərəfdaşlar yoxdur, qardaşlıq isə heç kimə digər tərəfdaşın daxili qərarlarını qiymətləndirmək hüququ vermir. Azərbaycan təşkilata kiminsə himayəsi altında olmaq üçün qoşulmayıb. Əksinə, o, buraya nəqliyyat dəhlizləri, investisiyalar, Qarabağda qazanılmış qələbə və türk dünyasının güc mərkəzi olması ideyasını gətirir. Bakının könüllü şəkildə nümayiş etdirdiyi həmrəylik qarşı tərəfdən də eyni hörmətin göstərilməsini nəzərdə tutur.

Bu tarazlıq pozulduqda isə İlham Əliyev sərt bəyanatlar səsləndirmir. O, Rəcəb Tayyib Ərdoğanı Türkiyə Respublikasının 103-cü ildönümü münasibətilə təbrik edir, Hakan Fidanla danışıqlar aparmaq üçün Ankaraya nazir göndərir, özü isə Bakıda qalır. Müttəfiqlik təsdiqlənir, sərhədlər isə müəyyən edilir.

Yeri gəlmişkən, bu, Türkiyəyə və ya TDT-yə münasibətdə xüsusi yanaşma deyil. Bərabərhüquqluluq prinsipi Prezident İlham Əliyevin bütün xarici siyasətinin əsasını təşkil edir.

"Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir", - deyə o, hələ 2014-cü ildə bildirmişdi. Azərbaycan heç bir hərbi-siyasi bloka daxil deyil və bir neçə il ərzində himayədar seçmək istəməyən ölkələrin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edib.

İlham Əliyev eyni prinsipi bütün tərəfdaşlarına münasibətdə tətbiq edir. O, Moskvadan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olmasına görə məsuliyyətin tanınmasını tələb edib. Bu ay Ramzan Kadırov təhqiramiz insidentə görə şəxsən Bakıda üzr istəyib, Ankarada isə Türkiyə Prezidentinin müşaviri öz vəzifəsini itirib. Paytaxtlar və münasibətlərin yaxınlıq dərəcəsi fərqli olsa da, nəticə eynidir: Azərbaycan qarşı hörmətsizliyin, bunu kimin etməsindən asılı olmayaraq, öz bədəli var.

Türkiyə Azərbaycan üçün müttəfiq olaraq qalır və bu müttəfiqlik Şuşa Bəyannaməsi ilə möhkəmləndirilib. Lakin məhz müttəfiqlik olduğu üçün bu münasibətlər bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulur. Naxçıvanda yaranan və Qəbələdə yeni gündəlik qazanan təşkilat həm də Azərbaycan layihəsidir və Bakı bu layihədən imtina etmək niyyətində deyil. Türk dünyasının bu evini inşa edən tərəf isə orada hamının bərabərhüquqlu yaşamalı olduğunu xatırlatmaq hüququna malikdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti