Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycanda sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülərin pozuntusu foto və video qeydiyyat vasitələri ilə qeydə alınacaq.
Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə tətbiq ediləcək.
Sözügedən mexanizm və cərimənin tətbiqi sürücülərdə müəyyən suallar yaradıb. Avtomobil nəqliyyatı istifadəçiləri arasında telefonun hansı hallarda istifadəsinin kamera vasitəsilə qeydiyyata alınacağı və cərimə tətbiq ediləcəyi ilə bağlı müzakirələr yaranıb.
Mövzunu Trend-ə şərh edən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, qanunvericilik telefonu yalnız əldə tutmaqla istifadəyə görə cərimə nəzərdə tutulub:
“Hazırda sürücülərdə ən çox sual doğuran məsələlərdən biri telefondan hansı hallarda istifadəyə icazə verilməsi, hansı hallarda isə bunun qadağan olunmasıdır. Məsələn, müasir avtomobillərin əksəriyyətində monitorlar var. Bəzi sürücülər telefonlarını xüsusi dayağa yerləşdirərək barmaqları ilə ekrana toxunmaqla istifadə edirlər.
Qüvvədə olan qanunvericiliyə əsasən, hərəkət zamanı telefonu əldə saxlamaqla istifadə etməyə görə cərimə nəzərdə tutulur. Lakin telefon əldə tutulmadan, xüsusi dayağa yerləşdirilərək istifadə edildikdə və ya avtomobilin monitoru vasitəsilə idarə olunduqda bu hallara görə cərimə tətbiq edilmir.
Bununla belə, sürücülər nəzərə almalıdırlar ki, bu cür hərəkətlər də diqqəti yayındıra və təhlükəli vəziyyət yarada bilər. Sadəcə, mövcud qanunvericilikdə bu hallara görə ayrıca cərimə və ya qadağa nəzərdə tutulmayıb”.
Hüquqşünasın sözlərinəg örə, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemindəki xüsusi kameralar vasitəsilə nəzarət mexanizmi elə qurulmalıdır ki, pozuntu mötəbər və şübhə doğurmayan sübutlarla təsdiqlənsin:
“Yəni görüntülər sürücünün əlində məhz telefon olduğunu və ondan avtomobil hərəkətdə olarkən istifadə etdiyini aydın şəkildə göstərməlidir. Əks halda, sürücünün əlində telefona bənzər başqa bir əşya ola bilər və ya o, sadəcə əlini qulağına yaxınlaşdıra bilər. Bu kimi halların səhvən telefondan istifadə pozuntusu kimi qeydə alınmasının qarşısı alınmalıdır”.
Ekspert sonda əlavə edib ki, burada əsas diqqət iki məqama yönəldilməlidir.
“Birincisi, əldə olunan görüntülər aydın və kifayət qədər keyfiyyətli olmalıdır. İkincisi, sistem tərəfindən formalaşdırılan elektron qərarlar elektron imza ilə təsdiqlənməzdən əvvəl əlavə yoxlamadan keçirilməlidir. Belə bir filtrasiya mexanizminin tətbiqi mümkün səhvlərin qarşısını almağa və əsassız qərarların qəbul edilməsi riskini minimuma endirməyə kömək edə bilər”, - deyə Ə.Hüseynov fikrini yekunlaşdırıb.
