Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası bazarda aktivliyin artırılması və qısamüddətli faiz dərəcələrinin hədəflənən səviyyədə saxlanılması məqsədilə mövcud monetar siyasət alətlərindən istifadəni davam etdirir. Hazırda bu istiqamətdə əlavə tədbirlərin görülməsi planlaşdırılmır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın monetar siyasət çərçivəsində əsas hədəfi pul kütləsi deyil, banklararası pul bazarında formalaşan AZIR faiz göstəricisidir.
“Bizim əsas istinad göstəricimiz AZIR-dır və məqsədimiz onu faiz dəhlizimizin daxilində idarə etməkdir”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, əvvəlki pul siyasəti qərarları çərçivəsində faiz dəhlizinin aşağı həddi də azaldılıb. Bu addım bank sektorunda mövcud likvidlik nəzərə alınmaqla banklararası bazarda aktivliyin artırılmasına xidmət edib.
“Biz bu addımı Mərkəzi Bankın banklararası bazarda iştirakını azaltmaq məqsədilə deyil, likvidliyi nəzərə alaraq bankların banklararası bazarda daha fəal iştirak etməsini təmin etmək üçün atmışıq”, – deyə o vurğulayıb.
T.Kazımovun sözlərinə görə, sentyabrın 23-dən etibarən banklararası bazarda aktivlik artıb. Buna görə də hazırda əlavə tədbirlərin görülməsinə ehtiyac duyulmur.
“Bizim müvafiq alətlərimiz var və onlardan istifadə etməklə likvidliyi elə səviyyədə saxlayırıq ki, AZIR bizim üçün hədəflənən diapazonda olsun”, – deyə AMB sədri bildirib.
Ərzaq inflyasiyasına toxunan T.Kazımov qeyd edib ki, bu sahədə qiymət artımına təsir edən amillər qlobal xarakter daşıyır. Buna görə də ərzaq inflyasiyasına qarşı birbaşa monetar tədbirlərin imkanları məhduddur.
AMB sədri bildirib ki, təhlillər zamanı ayrı-ayrı məhsul qrupları üzrə qiymət dinamikası da nəzərdən keçirilir.
